Ətyeyən xalqımın əti

etyeyen-xalqimin-eti
Oxunma sayı: 2417


Bizi əcnəbilərdən fərqləndirən xüsusiyyətlərdən biri də ətlə bağlı düşüncələrimizdir. “Ət yeməyi özü də mal-qara, qoyun ətindən hazırlanmamış yemək xörək deyil”, “ət yeməsəm, elə bil heç nə yeməmişəm”, “evində əti olmayan kasıbın biridir”, “evə gələnə ət yeməyi bişirmədinsə, rüsvay oldun”, toyda, şənlikdə süfrə ətdən kasaddırsa, hamı tərpənməyənə qədər, “boğulmursa”, yeyib doymayıbsa bu toydan camaat “ac” gedib. 

Çox maraqlı və milli təəssüratlardır. Deyirlər, nər kişilərimiz, oğullar olub ki, birnəfəsə qoyun-quzu “aşırıblar”. Amma həmin kişilər də üzərində özü ağırlığında zirehli geyim daşıyıblar. Bəlkə indiki oğullarımız bir qoyun, quzu “aşırmayırlar” deyə, qəhrəman ola bilmirlər. Qəhrəman olmaq üçün tək ətli xörəkdən, kababından, qovurmadan yemək kifayət edirmi? Ya da sualı belə qoyum. İndi daha ətdən bol yeyənlərin çoxu (istisnalar var, narahat olmayın) qorxaq, əclaf, haramzada, harınlamışların elə özü deyilmi? Xahiş edirəm , bunu təhqir və ya subyektiv fikir kimi qəbul etməzdən qabaq bir az düşünün. Əvvəlcə yaxşıca ət yeməkdən yeyin ki, yaxşı da düşünə biləsiz. Ət tapmasaz, özünüzü yormayın.

Yenə də ət dükanlarında çox alıcı “yağlı yerindən ver”, “quyruqdan qoy” deyib sifarişlərini verir. Bu arada hər şeyə “quyruq qoymağ”ın da quyruq yeyilməsindən irəli gəldiyini demək olar.

Mənə maraqlı gələn bir məsələ var. Son zamanlar ölkə inəklərini də yerlibazlığa cəlbedilməsi. Bu inək Kürdəmirdən ya Ağcabədidəndi, ya da İsmayıllıdandı və s. İnəklərimizin də insanları kimi anadan olduğu yer və həmin əraziyə görə “xasiyyətlər”I əzbərlənib. Misal üçün, rayon ətinın dadı ilə bakılı inəyinin dadı əsla eyni ola bilməz. Bakılı inəklərinin qida rasionu kənd, rayon inəklərinin yeməyindən çox zəifdir. Elə şəhər camaatı ilə bölgə adamlarının yeməyi arasındakı fərq kimi.

Şəhər inəkləri də daha çox çörək yeyir. Bakı inəyinin üstündə qurd-çaqqaldan başqa hamının gözü var. Bu inəklər zibilliklərdən toplanmış, onun-bunun artığı nə gəldi, yeyir. Yaşıl otlaq, təmiz su onun əlçatmazlarıdır. Ona görə də, inəyin ancaq yekə olmasıdır, əti də bir dad vermir, südü də. Bir də biz hərdən şəhərdə yaşamağımızı belə unuduruq.

Ət deyəndə hamının ağlına yenə inək, qoyun gəlir. Toyuq, balıq və başqa ətlər bizim üçün yüngül, “dəyərsiz” görünürlər. Balıq görən, yeyənimiz də azdır. Xəzər dənizi bizə “işləmir”. Toyuq desən, onun harda yetişdirilməsi, neçə şişməsi kimi suallarla dolaşıb dururuq, amma alırıq da, yeyirik də. Kənd (həyət, şəhər həyəti yox) toyuğu gec bişir, şəhər (broyler) toyuğu tez. Amma şəhər insanını tez “bişirmək” qəliz məsələdi. Broyler toyuğunun soxulcanla tanışlığı, “salam”ı belə yoxdur.

Biz qədimdən ətsevən xalq olduğumuz qədər ətli də xalqıq. O qədər ət sevirik ki, ət yeməyənə, dəbdə olan vegeteriana “sən yaşamırsan” da deyirik.

Sevindirici haldır ki, bu gün arıq, incə olan gəlinlərə “buna gün vermirlər ki” demirlər. Xanımlarımız arıqlamaq üçün ət pulunu dərmana verirlir. Vaxtiylə qazandibi ət yağını siyirib yediklərinə görə özünü söyə-söyə, güya arıqlayacaqlar deyə.

Bu arada hamımızın tez-tez işlətdiyi ətlə bağlı söz də var. “Əttökən”. Bu sözü işlətmək üçün vəziyyətlər çoxdur. Tək telekanalların verilişləri kifayət edər. Heyf, o qədər ətə verilən pullar.

“Qəssab” sözü isə son vaxtlar yalnız ət doğrayan və satanların peşəsi kimi yad olunmur. Bunu isə hamımız yaxşı bilirik.

Ətimiz bol, yeyənimiz çox, “ətimiz”i yeyən olmasın!