Azərbaycan kinosu, teatrının fədəkarlarının bu gün kimi pis günləri ola bilməz. Bu fikrlərimə qoşulmaya da bilərsiz. Layiqli hörməti izzəti görməyənlərin çoxu hansısa dar otaqlarda yarıtox həyatına davam edir. Bir az dilli olanlar çörəyinin arasına nə isə qoya bilir. Bir qrupu qabiliyyətini, potensialını basdırıb qocalıq günlərini sayır. Küskünlər qrupu qanacağını, qürurunu heç kim qarşısında əzişdirmir. Ən ağrılısı isə odur ki, belə sənət adamları bir birinə qahmar çıxmağı da çox görürlər. Bir-birinə qarşı həmrəylik nümayiş etdirmirlər. Elə bil onlara kütləvi hipnoz olunub. Biz sənətkarlarımıza bərk sarıla bilmirik, onların dəyərini öləndən sonra təmtərəqlı nekroloqlarla yad etməyə vərdişliyik. Vərdişimiz batsın!!!
Bir müddət əvvəl əməkdar artist Xanım Qafarovanı itirəndə ancaq ağlayan gözlər gördüm. İllərdir, səmimiyyətsiz dostluğa dayanan, aktrisanın çətin günlərində ona baş çəkməyənlərin gözünün suyunu gördüm. Gözü sulandırmaq hələ kiminsə acısına şərik olmaq demək deyil. Mənə ən pis gələn o idi ki, rəhmətlik Xanımın yaşayışı,vəziyyətini bilən xalqın sevilən şəxsləri susurdular. Biz aktrisamızı itirdik, bir uşaq yetim qaldı, bir ana balasız, çarəsiz qaldı. Bunun qarşısını vaxtında almaq da olardı, pulsuzluq səhnədə bir yeri də boşaltdı. Yenə Allahın qisməti deyib keçdik. Amma şiddətlə qınadığım hörmətli Afaq Bəşirqızı kimi sevilən xalq artistimiz sağlığında Xanım üçün səsini çıxarmadı. Bəlkə də, bu fikirlərimi haqsız sayanlar da olacaq. Amma bir səhnənin adamları bir –birinə daha çox dəstək çıxmalı idi.
Bakı mədəniyyət, incəsənətə dair beynəlxalq tədbirlərin göbəyinə çevrilir. Amma bizim kirayəşin sənətkarlarımızın sayı bilinmir. Dövlət belə sənətkarların yerini bilmir. Heç axtarmır da. Bu gün xalq artisti Nuriyyə Əhmədova kimi sənətkarımız kirayə ev axtarır. Az qala elan şəkilində dediklərini xəbər kimi yayırıq. Ölkədə ev qıtlığıdırmı? Xalq artisti titulunun dadı qaçıbmı? Bu titul üçün içi gedənlərin çoxunun evi, maşını, hər şeyi var, amma xalqın sevimlisi ola bilmirlər. Çünki heç xalqını sevmirlər. Gücləri çatdığı qədər tərbiyəsizliyi, hörmətsizliyi uzununa, eninə ölçürlər. Belələrinə ev də bağışlayırlar. Ev bağışlayanlar müsabiqəyə girirlər. Hansısa səsi cüyüldəyən, zarıyan “müğənni” üçün özünü öldürən kişiçiklər hardasız? Silikonlu çöhrəsini sevindirmək, ətəyini küləyə verənlərin ayaqlarına baxmaq üçün ürəkləri gedənlər? Yataqda doğmaca qadınına arxasını çevirib başqasının xəyalı ilə yaşayanlar? Özünü əliaçıq, bağışladığını balaca hədiyyə kimi göstərənlər sizdə sənətkar üçün ev varmı? Səsiniz gəlsin, ay kişilər....