“Evdə noyabrdan yaşayıram, MTK apreldən borc hesablayıb”

evde-noyabrdan-yasayiram-mtk-aprelden-borc-hesablayib
Oxunma sayı: 685

Xırdalanda yerləşən “Absheron City” Yaşayış Kompleksində bəzi sakinlərin elektrik enerjisi ilə təminatı qanunsuz olaraq dayandırılıb.

Bu barədə “Qafqazinfo”ya bina sakini Nicat Abdullayev məlumat verib. O qeyd edib ki, mənzili 2016-cı ilin aprelində alıb: 

“Amma həmin evdə 2016-cı ilin noyabr ayından yaşamağa başlamışam. Lakin MTK mənə aprel ayından başlayaraq kommunal borc hesablayıb və indi də həmin borcu ödəməyi tələb edir. Borc ümumilikdə 180 manata yaxındır. Aylıq kommunal xidmət haqqı isə 17 manatdır. Sosial vəziyyətimin nəzərə alınmasını xahiş etsəm də, buna məhəl qoyan yoxdur. Bu səhər pulu yığan şəxsə, “komendata” pulumu bölməyi təklif etdim. Onlar qəbul etmədilər.” 

N. Abdullayev əlavə edib ki, problemlə bağlı həm Abşeron Rayon İcra Hakimiyyətinə, həm də “Azərişıq” ASC-yə məlumat verib: 

“Hər iki qurum MTK-nın bu qanunsuz hərəkətinə qarşı çarəsiz olduqlarını dedilər. Hətta mənə məhkəməyə müraciət etməyi də məsləhət gördülər. MTK-da bütün sakinlərin elektrik sayğacı qıfılla bağlanılmış yerdə saxlanılır. Sakinlərin sayğacla təması bu yolla tamamilə kəsilib”.

“Qafqazinfo” məsələ ilə bağlı şirkətlə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, məsələ araşdırıldıqdan sonra məlumat veriləcək.

Günel Türksoy