“Evdə qalıb həkimlərə dayaq oldular, yenə o dəstəyə ehtiyacımız var”

evde-qalib-hekimlere-dayaq-oldular-yene-o-desteye-ehtiyacimiz-var
Oxunma sayı: 2339

“Hazırda Azərbaycanda koronavirusa yoluxma sayı 4 rəqəmlidir. Son bir həftə ərzində “pozitiv” aşkarlanan xəstə sayı 5 min nəfərə yaxındır. Hələ ki, məhdudiyyətlərin artırılması ilə bağlı qərar yoxdur, lakin bu qaçılmazdır. Çünki bu, kifayət qədər ciddi rəqəmdir, əgər belə davam eləsə, daha ciddi tədbirlər, total qapanma və sms gözləniləndir”.

“Qafqazinfo” xəbər verir ki, bunu TƏBİB-in İşçi Qrupunun üzvü Nəzrin Mustafayeva İTV-yə müsahibəsində bildirib.

O qeyd edib ki, bəzi hallarda insanlar qohumlarının, tanışlarının aldığı müalicə əsasında müalicə olunurlar. Fikirləşirlər, o müalicə alıb sağalıbsa, mən də sağalaram. Bu da xəstələr arasında ağırlaşmalara gətirib çıxarır. 

N. Mustafayeva yoluxma sayının artmasında insan faktorunun çox önəmli olduğunu bildirib: “Xəstəliyin müxtəlif müalicə metodları ola bilər. Peyvənd kəşf oluna bilər, lakin virusa yoluxma yolu birdir, insandan insana ötürülür. Biz nə qədər çox qaydalara əməl etməsək, toplaşmaların sayı artsa, yoluxma sayı da artacaq”.

TƏBİB rəsmisi bildirib ki, kütləvi mərasimlərdə, xüsusən də yas məclislərində yoluxma halları daha çox olur: “Biz millət olaraq bir neçə sınaqdan, mərhələdən  keçdik, həm pandemiyanın ilk dövründə, həm müharibə dövründə insanların həmrəylinin şahidi olduq. Evdə qalıb dəstək oldular, həkimlərə dayaq oldular. Bizim yenidən həmin dəstəyə ehtiyacımız var. İndi ikiqat artıq ehtiyacımız var. Əgər biz “COVID”ə yoluxma sayını nəzarətdə saxlasaq, artmağa qoymasaq, tibb işçiləri əsgərlərin müalicəsinə daha çox vaxt sərf etmiş olarlar”. 

N. Mustafayeva bildirib ki, insanlar sosial məsafə ilə yanaşı maskadan düzgün istifadəyə də əməl etməlidirlər: “İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin maskadan istifadə edənləri 50 faizə çatmır. Ən yaxşı halda maska ağız hissəni örtür. Əslində isə maska burunla bərabər ağızı da tam kip ölçəcək dərəcədə olmalıdır. İctimai nəqliyyatda hər kəs düzgün maska taxsa, bunun özü yoluxma sayının qarşısını kifayət qədər ala bilər. Maskaların tibbi qoruyuculuğu 2-3 saat davam edir. Maskanı çıxarıb-taxarkən də ehtiyatlı olmalıyıq. Biz maskanın üzərini həmişə infeksiyalı qəbul etməliyik. İplərindən tutub ehtiyatla çıxarmalı və zibil qutusuna atmalıyıq. Maskanın masanın üzərinə qoyulması, çantaya qoyulması düzgün deyil”.

TƏBİB rəsmisi maska taxmağın ağciyərlərə ziyan olması ilə bağlı fikirlərə də aydınlıq gətirib. Bildirib ki, insanlar 24 saat ərzində maskayla gəzmir, müəyyən müddət ərzində odan istifadə edirlər. Xəstəliyə yoluxub onu keçirməkdənsə, bu müvəqqəti çətinlik də olsa, maska taxa bilərik.

Gülnar Əliyeva