“Evdə qoxudan dayanmaq olmur” - Fotolar

evde-qoxudan-dayanmaq-olmur
Oxunma sayı: 3472

“Stansiyanın yanında tunel qazıblar. Evdə toz-torpaq əlindən oturmaq mümkün deyil. Pəncərələrimiz də tikintidən çatlayıb. Ancaq bizim müraciətimizə reaksiya vermirlər”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Nərimanov rayonu, Keşlə qəsəbəsi sakini Elmira Əsədova bildirib. O qeyd edib ki, problem Keşlə stansiyasından Bakı kəndlərinə sürətli qatar çəkiləndən sonra yaranıb: “Buna görə də stansiyanın yaxınlığında yerləşən 7 ev köçürülüb. Cəmi 2 ev qalıb. Bizə isə nə vaxt köçürüləcəyimizi deyən yoxdur. Bütün günü toz-torpağın içində qalmışıq. Yolumuzu da kəsiblər. Kanalizasiya suyu tunelə axıdılır. Qoxudan da dayanmaq olmur”.

“Qafqazinfo” məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarının mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova ilə əlaqə saxlayıb. O, məsələdən xəbərdar olduğunu vurğulayıb və bildirib ki, həmin vətəndaşların köçürülməsi məsələsinə baxılır: “Proses növbəlilik prinsipi əsasında həyata keçirilir. Yaxın vaxtlarda həmin ailənin də köçürülməsi təmin ediləcək”.

Günel Türksoy