Əfsanəvi “Evdə tək” filmindəki Kevin obrazı ilə məşhurlaşan amerikalı aktyor Makoley Kalkin ikinci dəfə ailə həyatı qurmağa hazırlaşır.
“Qafqazinfo” “People” nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı ulduz aktrisa sevgilisi Brenda Sonqla nikaha girəcək.
Cütlük 4 ildir münasibətdədir. Onların bir oğlu var.
Qeyd edək ki, daha əvvəl M.Kalkinin psixi və qadağan olunmuş maddələrlə ciddi problemləri olub. Lakin artist asılılıqlarına qalib gəlməyi bacarıb. Daha sonra o, “Changeland” filminin çəkiliş meydançasında Brenda Sonqla tanış olub. 2021-ci ilin aprelində cütlüyün Dakoka Sonq Kalkin adlı oğlu dünyaya gəlib.
Son illər Makoleyin həyatında bir çox xoş hadisə yaşanıb. Zərərli vərdişlərdən qurtulmaqdan başqa, aktyor uzun müddətdən sonra yenidən filmə çəkilir – hazırda o, “American Horror Story” serialında rol alır.
Xatırladaq ki, Kalkin 17 yaşında aktrisa Reyçel Maynerlə ailə həyatı qurmuş, lakin onların bərabərliyi çox davam etməmişdi. Məşhurlar 2002-ci ildə boşanmaq qərarına gəlmişdi.



Son xəbərlər
Son Xəbərlər