“Ever Given” yenidən Süveyş kanalını bağladı

ever-given-yeniden-suveys-kanalini-bagladi
Oxunma sayı: 3340

“Ever Given” gəmisi güclü külək səbəbindən yenidən əvvəlki mövqeyinə qayıdaraq Süveyş kanalını bağlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, konteyner gəmisinin bir saat ərzində geri çəkilməsi lazım olduğu qeyd olunur. Başqa bir mənbəyə görə isə, gəminin çıxarılması qabarmadan sonra başladılacaq.

“Gəmi külək səbəbiylə yenidən öncəki vəziyyətinə qayıtdı, lakin hazırda vəziyyət əvvəldəki kimi çətin deyil”,- deyə agentliyin mənbələrindən biri açıqlayıb.

Son məlumatlara görə isə, gəmi bir daha dayazlıqdan çıxarılıb və hazırda Böyük Acı Gölə doğru hərəkət edir. Səlahiyyətlilərin açıqlamasına görə, orada gəminin texniki baxışdan keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Çindən Rotterdama yola düşən, 400 metr uzunluğa və 224 min ton yükgötürmə qabiliyyətinə malik olan “Ever Given” konteyner gəmisi martın 23-ü kanalın 151-ci kilometrliyində saya oturaraq hərəkətin dayanmasına və yüzlərlə gəminin kanalın girişində tıxac yaratmasına səbəb olub.

Bu gün səhər saatlarında dəniz xidmətləri təminatçısı “Inchcape Shipping” gəminin dayazlıqdan çıxarıldığını açıqlayıb.