“Evim 27 il əvvəlki təbii fəlakətdən yararsız hala düşüb, hələ də təmir edilməyib” - Açıqlama

evim-27-il-evvelki-tebii-felaketden-yararsiz-hala-dusub-hele-de-temir-edilmeyib
Oxunma sayı: 2121

“Düz 27 ildir ki, biz bu evdə yaşayırıq. Yayı da, qışı da iki balaca övladımızla bu evdə keçirməli oluruq. Getmədiyim yer, müraciət etmədiyim ünvan qalmayıb. “Baxacağıq” deyirlər, amma nəticə yoxdur”. 

Bu şikayətlə “Qafqazinfo”ya Şabran şəhər sakini Rahib Nəsirov müraciət edib. Onun sözlərinə görə, 1995-ci ilin oktyabrında baş verən təbii fəlakət nəticəsində evi yararsız hala düşüb. Buna baxmayaraq, o hələ də ailəsi ilə bu evdə yaşayır: “60-a yaxın yaşım var. Özüm ikinci qrup əliləm. Nə işləyə bilirəm, nə bir şey. Dizimdə qüvvət olsaydı, evimi də özüm tikərdim. 27 il əvvəl o fəlakət baş verəndən sonra İcra Hakimiyyəti tərəfindən bizim evə baxış keçirilib və akt tərtib olunub. Amma həmin aktı bu günə qədər icra etməyiblər”. 

Vətəndaş azyaşlı övladları olduğunu bildirib: “Qızlarımdan birinin 14, digərinin 5 yaşı var. Özüm üçün yox, onlar üçün ev istəyirəm. Bu uşaqlar belə evdə yatıb-dururlar. İndi bizim yanımızda təzə qəsəbə də var. “Sel aparanlar” adlı bu qəsəbədə həqiqətən evini sel aparan tək-tük adam taparsız. Əslində akta görə bizə də oradan ev düşürdü. Eşitdiyimə görə, burada yaşayanların çoxunun evi təbii fəlakətdə dağılan deyil. Həmin evləri satıblar. 2019-cu ildə Kəmaləddin Heydərovun da qəbulunda oldum. O akta baxıb dedi ki, köməklik olunacaq. Artıq 3 il keçir. Axşam olan kimi evin yarıq hissələrindən kərtənkələlər, yarasalar evə girir. Bu evdə yaşamaq mümkünsüzdür”.

Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, Rahib Nəsirova məxsus yaşayış yerinə dəfələrlə baxış keçirilib: “Bizə müraciət etmişdi və biz də dəfələrlə həmin yerə baxış keçirib aktlaşdırmışıq. Evin qəzalı olub-olmaması ilə bağlı mütəxəssis rəyinin verilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət olunub. Həmin agentlik tərəfindən vətəndaşın yaşadığı evə baxış keçirilməlidir”.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva isə saytımıza açıqlamasında bildirib ki, vətəndaşın evinə təbii fəlakət nəticəsində ziyan dəyməyib: “Şabran şəhər sakini Nəsibov Rahib Xaliq oğlunun müraciəti əsasında Şabran şəhəri, Nizami küşəsi 7 ünvanında yerləşən vətəndaşa məxsus fərdi yaşayış evinə nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib. Vizual texniki baxış zamanı yaşayış evinə təbii fəlakət nəticəsində deyil, uzun müddət təmirsiz istismar olunması səbəbindən ziyan dəydiyi müəyyən olunub. Bu səbəbdən vətəndaşa tərəfimizdən hər hansı köməklik göstərilməsi mümkün deyil”.

Lamiyə Məmmədova

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusu üzrə dərc olunub.