Evinə basqın oldu, özü tapıb polisə təslim etdi

evine-basqin-oldu-ozu-tapib-polise-teslim-etdi
Oxunma sayı: 2832

Şəmkir rayonunda narkotik vasitə istifadəçiləri evə basqın edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Şəmkir şəhərində, Hərbi şəhərcik adlanan ərazidə baş verib. Polisə müraciət edən B.Y. bildirib ki, martın 10-da gecə saatlarında 2 nəfər naməlum şəxs onun mənzilinə qanunsuz daxil olaraq həyat yoldaşı və 12 yaşlı oğlunu bıçaqla hədələyiblər. Həmin şəxslər evdən 6 440 manat pul və 16 000 manat dəyərində qızıl-zinət əşyaları götürərək qaçıblar.

Lakin həmin vaxt B.Y. polisə xəbər vermədən həmin şəxsləri özü axtarmağa başlayıb və onların İrmaşlı kənd sakinləri olan Əli və Elmar adlı şəxs olduqlarını müəyyən edib. Mayın 2-də B.Y. özü onları izləyərək Elmarı yaxalayıb və yaşadığı evə aparıb. Daha sonra polis şöbəsinə gətirərək istintaqa təhvil verib.

Bundan sonra polis hadisəni araşdırmağa başlayıb. Məlum olub ki, Elmar və Əli narkotik vasitə istifadəçiləridir. Həmin şəxslər martın 10-da narkotik vasitəyə olan tələbatlarını ödəmək məqsədilə təcili olaraq maddə axtarmağa başlayıblar. Saxlanılan şəxslər B.Y.nin evində onlara lazım olan maddənin olduğunu düşünərək ora basqın ediblər. B.Y.nin ailə üzvlərindən narkotik vasitələrin yerini demələrini tələb ediblər. Lakin evdə narkotik tapa bilməyən İrmaşlı kənd sakinləri qaçıb gediblər.

Faktla bağlı Şəmkir Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Nizam Rza