Evləri qəzalı vəziyyətdə olanlara yeni evlər tikiləcək

evleri-qezali-veziyyetde-olanlara-yeni-evler-tikilecek
Oxunma sayı: 664

Xəbər verdiyimiz kimi, dünən Baş nazirin müavini Abid Şərifov aidiyyəti qurumların rəhbərləri və mütəxəssislərlə birlikdə Şamaxı rayonunun Muğanlı kəndində olub, torpaq sürüşməsi nəticəsində yaranmış vəziyyətlə əlaqədar təbii fəlakət sahələrinə baxış keçirib. Əvvəlcə Bakı-Şamaxı-Yevlax magistral yolunun Muğanlı-Ağsu hissəsini gəzən A.Şərifov yollarda, xüsusən Ağsu aşırımında baş vermiş sürüşmə sahələrindəki vəziyyətlə tanış olub. Mütəxəssislərin rəyi nəzərə alınmaqla təhlükəli hissələrin təmir edilməsi, martın 26-dan bütün nəqliyyat vasitələri üçün bağlanan yolun yüngül minik avtomobilləri üçün açılması qərara alınıb.

Sonra Muğanlı kəndində sakinlərlə görüş keçirilib. Görüşdə sürüşmə sahəsinə düşən 46 yaşayış evinin sakinlərinin rəyi nəzərə alınaraq onlar üçün Meysəri kəndi yaxınlığında, Muğanlı bələdiyyəsinə məxsus ərazidə yeni evlərin tikilməsi məqsədəuyğun hesab edilib. Mütəxəssislərə ərazidə gələcəkdə torpaq sürüşməsi və digər təhlükəli vəziyyətin yaranıb-yaranmayacağını dəqiqləşdirmək məqsədilə mühəndis-geoloji tədqiqatların aparılması üçün tapşırıqlar verilib.

AzərTAc