“Evsizlər üçün “Xalq evləri” tikilməlidir”

evsizler-ucun-xalq-evleri-tikilmelidir
Oxunma sayı: 1357


Bunu SalamNews-a İqtisadi və Sosial innovasiyalar İnstitutunun rəhbəri, Milli Məclisin deputatı Əli Məsimli deyib.

O bildirib ki, bu məsələni Milli Məclisdə və mətbuatda dəfələrlə qaldırmışıq. İndi bu məsələ üzərində iş gedir. Əgər layihə reallaşsa, imkanı olmayan vətəndaşlar ayda 50-100 manat arasında, yəni orta hesabla 60-70 manat vəsait ödəməklə, ev sahibi olacaqlar. Kim istəsə hissə-hissə ödəyərək, imkanı olmayanlar isə ayda kiçik məbləğ ödəməklə 25-30 ildən sonra yaşadıqları evlərin rəsmi sahibi olacaqlar."

Hazırda ölkədə 2 milyona yaxın insanın mənzil problemindən əziyyət çəkdiyini söyləyən Ə.Məsimlinin fikrincə, problemi həll etmək üçün təkcə ipoteka vermək yox, həm də xüsusi "Xalq evləri" tikilməlidir: "Bu, çox ölkədə tətbiq olunan üsuldur və gəlirləri hesabına mənzil almaq imkanları məhdud olan insanlar üçün nəzərdə tutulub. Çünki insanların evi olmayanda onun fayadalı iş əmsalı da aşağı olur. Başqa ölkələrdə isə ya dövlət birbaşa ayrı-ayrı şirkətlərə sifarişlər verir, evlər tikilir və daha ucuz qiymətə vətəndaşlara satılır, ya da vətəndaş mənzildə yerləşdikdən sonra hər ay minimum məbləğdə pul ödəyir. Bu məbləğin ödənilməsi bitəndən sonra ev həmin ailəyə qalır. Hər iki modeldən də istifadə etmək olar. İmkanı olanlar birbaşa mənzilin pulunu ödəyə, olmayanlar da uzunmüddətə aylıq olaraq 50, 60 və ya 100 manat verə bilər. Bu üsulu Azərbaycanda uğurla həyata keçirmək mümkündür."

Onun sözlərinə görə, bu, tikinti sənayesinin sürətlə inkişafına da təsir edəcək, çünki, ölkədə bir zamanlar müşahidə edilən tikinti bumu sönməyə başlayıb: "Bu yolla tikintini də canlandırmaq mümkündür. Bu evlərin tikintisinə bölgələrdən başlamağı daha münasibdir."