“Qafqazinfo”ya açıqlamasında teleaparıcı dəblə bağlı layihə ilə ekranlara qayıdacağını bildirib:
“Yeni layihəm dəblə bağlı olacaq. Xanımları sevindirməyə çalışacam. Özümü zövqlü aparıcı sayıram. Fikirləşirəm ki, zövqümdən, dost-tanışımdan istifadə edib güclü komanda yığaraq bu işin öhdəsindən gələ bilərəm. Ya realiti-şou olacaq, ya da ki dəblə geyimlə bağlı müsabiqə olacaq.
Fikrimdə gecə şousu da var. Daha çox Avropasayağı veriliş olmasını istəyirəm. Lakin bilirəm ki, bu layihənin də ömrü uzun olmayacaq. Deyəcəklər ki, bizə millilik ver, verilişdə sintezator və nağara olsun, reytinq verən, Rusiyada toyda oxuyanlar qonaq gəlsin. “Bığ şou” necə gözəl başlamışdı. Daha sonra zay oldu”.
Əbilov “Oyuncaq” verilişinin bağlanma səbəblərindən də danışıb:
““Oyuncaq” verilişini hazırlamaqda məqsədim başqa təbəqəyə özümü sevdirmək idi. İstədim ki, valideynlər, uşaqlar məni sevsin. Uşaqların “Ələkbər əmi”si olmaq istədim. 36 yaşım olmasına baxmayaraq, bu günə kimi “Ələkbər əmi”ni sevirəm. Uşaqların sevgisi daimidir. Bu veriliş həm siyasət, həm reytinq, həm də kütlə sevgisini qazanmaq idi. Şəhərdə uşaqlar məni görən kimi “Bığlı əmi” deyib qucaqlayırlar. Əvvəllər məni qızlar sevirdi, indi uşaqlar sevir. Uşaqların qüruru olmur, saf olurlar. “Oyuncaq” layihəsi də belə bitdi. Deyə bilərəm ki, Azərbaycan tarixində ən səviyyəli və pul məqsədi güdməyən layihə idi. Biz orada ailənin sağlam olmasını təbliğ edirdik. Tək valideynlərlə verilişə qatılmağa icazə yox idi. Biz ailəni təbliğ edirdik. Siz nəyi təbliğ edirsinizsə, o camaata ötürülür. Oradakı bütün oyunlar tərbiyəvi xarakterli idi. Aktyor Rüfət Nəzər oyunları hazırlayırdı.
Hazırda “Manıs” layihələri daha çox reytinq topladığı üçün “Oyuncaq” kimi verilişlər reytinqli olmur. Bu bizim bəlamızdır, kütləvi şəkildə kütləşmə baş verir, savadlı təbəqə azalır”.
Teleaparıcı yeni çəkiləcəyi filmdən də bəhs edib:
“Fikrimizdə film çəkilişləri də var. Bu film heç bir filmə bənzəməyəcək. Bunu əminliklə deyə bilərəm. Gördüyün işi maksimum keyfiyyətli görməlisən. Qala gecəsində film qurtarmamış tamaşaçılar çıxıb gedirlər. Allah heç kimə bunu qismət etməsin. İlk filmim “Xoxan” oldu. Filmin ayağı mənə, mənim ayağım filmə düşdü. İndi isə əl-ələ verib özümüz film çəkirik. Tamaşaçıları maraqlı film gözləyir”.
Aparıcı yeni çəkilən filmlərin çatışmayan cəhərlərindən də danışıb:
“Mən inanıram ki, Azərbaycan filmi getdikcə ələnib inkişaf edəcək. Pis film də, yaxşı film da olmalıdır. Nə qədər pis film olsa, o qədər yaxşının keyfiyyəti bilinəcək. Azərbaycanda seriallara çox pul ayrılmır. Problem isə bunda deyil. Əgər güclü rejissorun və yazarın olsa, cuzi miqdarda pul xərcləyib, keyfiyyətli film ərsəyə gətirə bilərsən. Bizim yazarlar yox dərəcəsindədir. Çox keyfiyyətsiz, bayağı, kütləvi zonbilərə təklif olunan layihələr var. Yaxşı aktyor yox, rejissor olmalıdır. Bizim korifey sənətkarlarımız var. Filmdə bir salam-sağ olu ilə partladanlar olub. Rolun böyüyü-kiçiyi yoxdur. Aktyor öz missiyasını yerinə yetirməlidir. O korifey aktyorlar indi o keyfiyyəti verə bilmir. Həmişə baxıb düşünürdüm ki, o mğhtəşəm obrazları canlandıran bu aktyorlardı? Sonra araşdırıb öyrəndim ki, rejissorlar pis imiş. Rejissor aktyor rola girmədən oynayanda da “Hər şeyə əla, superdir” deyir. Mənim də başıma gəlib. Mən obraza girə bilmirdim, rejissor isə əla olduğunu bildirirdi. Rejissor aktyoru bədbəxt edir. Aktyorluq bacarığımı inkişaf etdirmək üçün xaricdə təhsil almağa gedəcəm. İnsan öz üzərində hər an çalışmalıdır”.
Könül