Uşaqlıq və yeniyetməlik illərim sovet dövründə keçib. O vaxt Azərbaycan heç bir mötəbər turnirə evsahibliyi etmirdi. Biz tanınmış idmançıları ancaq televiziya ekranında görürdük. Onların arasında isə nadir hallarda azərbaycanlılar olurdu...
SSRİ-nin yığma komandası əsasən ruslardan təşkil olunurdu. O vaxt ruslar indiki kimi fərasətli deyildilər. Azərkeşlik etdiyimiz komanda çox vaxt meydanı başıaşağı tərk edirdi. Buna görə də məcbur olub, digər sovet respublikalarının komandalarına azarkeşlik edirdik. Kuba boksçularından başqa heç kim üzümüzü güldürmürdü.
Azərbaycan müstəqillik əldə etdikdən sonra idmana baxış dəyişdi. Uzun illərdi ki, ölkəmizi mötəbər turnirlərdə öz idmançılarımız təmsil edirlər. Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə qazandıqları medalların sayı mini keçib. Bilirsiniz, bu fakt məni niyə sevindirir? Çünki həmin idmançıların hər biri öz arxasınca minlərlə uşaq və yeniyetmə aparır. Lütfən, heç kim idmana ayrılan vəsaitin çoxluğundan şikayətlənməsin. Sovet təbliğatçılarının dili ilə desək, sağlam bədəndə sağlam ruh olar. İdman gəncləri pis vərdişlərdən uzaqlaşdırır. Dünyanın əksər ölkələrində yeniyetmə və gənclərin sürətlə narkomaniyanın girdabına yuvarlandığı indiki dövrdə idmana kütləvi maraq yaratmaq hər birimizin borcudur. Əgər əlimizdən nəsə gəlmirsə, heç olmasa, mane olmayaq.
Bakı 2015 1-ci Avropa Oyunları ölkəmizin həyatında mühüm hadisəyə çevrilib. Mən bu sətirləri klaviaturada döyəcləyəndə idmançılarımızın qazandıqları medalların sayı 20-ni keçmişdi. İndi Azərbaycanda uşaqdan tutmuş böyüyə kimi hamının qəlbi idmançılarımızla birgə döyünür. Mübaliğəsiz demək olar ki, idman arenasında qazanılan zəfər bütövlükdə ölkəmizdə qələbə əhval-ruhiyyəsi yaradıb.
Ötən həftə Biləsuvardakı Cəbrayıl qəsəbələrində yaşayan qohumlarımdan birinin toyunda iştirak etdiyim üçün 1-ci Avropa Oyunlarının gedişini ardıcıl izləyə bilmədim. Amma idmançılarımız hər dəfə medal qazananda ömrünün yeniyetməlik dövrünü yaşayayn oğlum məni arayıb, həyəcanla qələbə xəbərini verirdi. Şahinin keçirdiyi hissləri təsəvvür etdikcə qəlbim qürur hissi ilə döyünür, fəxr edirdim. Bəzən canlı efirdə olanda da Şahin mənə zəng edir. Telefonun ekranında onun nömrəsini görəndə dərhal başa düşürəm ki, hansısa arenada himnimiz çalınır, bayrağımız dalğalanır. Biz uşaq olanda belə qələbələrə həsrət qalmışıq...
P.S.Bakı 2015 1-ci Avropa Oyunlarına qatılan təmsilçilərimizin uğurlu çıxışlarından sonra məhəlləmizdəki uşaqların əksəriyyəti idmanın müxtəlif növlərində məşqlərə başlayıblar. Hər gün işdən evə qayıdanda küçədə məni gələcəyin çempionları qarşılayır...
Son xəbərlər
Son Xəbərlər