Xatırlayırsızsa, bir müddət əvvəl “Qafqazinfo” da Bakının Nizami rayonunun, Q.Qarayev küçəsindəki uşaq bağçası ilə bağlı material getmişdi. Elə yazıdan və yaxında yaşayan bina sakinlərinin aktivləşən şikayətlərindən bir az sonra bağça təmir olunmağa başladı. İki ay müddətində bağçaya yeni plastik pəncərələr qoyuldu, döşəməsi yeniləndi, binanın damı təzələndi. Hamı sevindi ki, gözümüz aydın olsun, bağçada təmir gedir. Hətta orada işləyən usta, fəhlələr də bunun belə olduğunu bildirirdilər. Amma necə oldusa, bir neçə gun qabaq hər şey alt-üst oldu. Bağça binası artıq sökülür. Naməlum və təəccüb doğuran məsələ ilə bağlı “Qafqazinfo” hazırladığı növbəti reportajı diqqətinizə çatdırır.
Bağçanın bir hissəsi söküldü, bu özbaşnalığa “dur” demək hələ gec deyil
Ən əvvəl onu qeyd edim ki, məsələnin kökündə bizə məlum olmayan məqamlar mövcuddur. Ərazidə işləyən bir neçə şəxslə söhbətdən belə çıxır ki, bağça ərazisi üştündə qızgın mübarizə gedir. Belə ki, vaxtiylə Neft Şirkətinin balansında olan uşaq bağçası hansısa işbaza satılıb. Uşaq bağçası məsələsi qaldırıldıqdan sonra həmin işbaza başqa bir yer təklif olunub. İşbazın isə məqsədi burada çoxmərtəbəli binalar tikməkdir. Baxmayaraq ki, yaxınlıqdakı bina sakinləri buna da qəti etiraz edirlər, çünki ərazidə onsuzda sıxlıq kifayət qədərdir. Lakin əvvəl razılaşan işbazın sonradan kefi yenidən buranı istəyib. Deyilənlərin həqiqət olmasına şübhə yoxdur. Çünki bir neçə gündür, üç korpusdan ibarət bağçanın qoyulmuş yeni pəncərələri, təzə dam örtüyü sökülür, özü də vicdancasına. Korpusları birləşdirən hissələr isə artıq dağıdılıb. Əraziyə texnika cəlb olunub. Ağacların çox hissəsi qırılıb. Rayonun ekologiya idarəsi də səsini çıxarmır. Bu qanunsuz hərəkət qarşısında ətraf binaların sakinləri çaş-baş qalıblar. Hara, kimə şikayət edəcəklərini bilmirlər. Yenə də ümid kəsməyib, yuxarı instansiyalara ərizə yazmaqda davam edirlər.
Bağça dağıdılacaqdısa, niyə təmir olunurdu?
Bir daha qeyd edirəm ki, ərazidə iki aydan çoxdur, bağça binalarının təmiri gedirdi. Plastik pəncərələrin qoyulması, tavan, döşəmə , damın təzələnməsi işlərini yerinə yetirən ustalar indi əlacsız qalıblar. Onlara bu vaxta qədər maaş verilməyib, üstəlik indi də bir neçə komanda altında işləməli olublar. Bu lap “oxu”, “oxuma” məsələsinə dönüb. Plastik pəncərə istehsal edən şirkətin rəhbəri də buradadır. Həmin şəxs isə hələ də pulu verilməyən pəncərələrinin səliqə ilə sökülməsinə nəzarət edir. Bu boyda ərazidə nəzarətsizlik, özbaşnalıq baş alıb gedir. Hamını isə bir sual maraqlandırır. Əgər bağça dağıdılacaqdısa, niyə təmir edilirdi? Maraqlıdır, görəsən aidiyyatlı orqanlar harada yatıb özlərini günə verirlər.
Sökülən bağça heç kəsin vecinə deyil
Məsələylə bağlı, əvvəlcə Bakı şəhər İcra Hakimiyyətinin uşaq bağçaları ilə bağlı şöbəsinə müraciət etdim. Səlahiyyətli idarədə dəstəyi götürən hər kəs bu başıbəlalı bağçanın yerini yaxşı tanıdı, tələsik “ora bizlik deyil” deməklə kifayətləndilər. Bu cavab heç təəccüblü deyildi. Növbəti aidiyyatlı orqandan yardım istədim. Məhz həmin komitə vaxtiylə bağçanın satıldığını təsdiqləmişdi. Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat Mərkəzi idi. Maraqlı idi ki, bu ərazinin əsl sahibi kimdir. Təəssüf ki, bir neçə gün ərzində verilən telefon nömrələrindən dəstəyi götürən olmadı.
Bir daha qeyd edirəm ki, söhbəti gedən uşaq bağçası sağlam bünövrəyə malikdir. Əgər “malik idi” desəydim, daha doğru olardı. Çünki bağçanın çox hissəsi artıq dağıdılıb. Təcili tədbir görülməsə, bağçanın bütün ərazisi şumlanacaq. Hamı ölkə rəhbəri və xanımını saymayanlara “dur” deyilməsini gözləyir. Görək də...
Raminə Eyvazqızı