“Əvvəlki namizədlər bu barədə söz versələr də, hələ də tədbir görülməyib” - Fotolar + Video

evvelki-namizedler-bu-barede-soz-verseler-de-hele-de-tedbir-gorulmeyib
Oxunma sayı: 1462

Azərbaycan parlamentinə növbədənkanar keçiriləcək seçkilərə artıq sayılı günlər qalıb. Namizədlər platformalarını təqdim edir, seçicilərlə görüşürlər.

“Qafqazinfo”nun məlumatına görə, belə görüşlərdən növbətisi Nərimanov rayonu 19-cu seçki dairəsindən namizədliyini irəli sürmüş Kənan Məmmədovun təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil edilib. Gənc namizəd Nərimanov ərazisində yerləşən yaşayış binalarında məskunlaşmış ailələri ziyarət edib, onları narahat edən məsələlər barədə məlumat alıb.

Kənan Məmmədov seçicilərinə bildirib ki, parlament seçkiləri yeni islahatlar dövründə ölkənin inkişafının daha da sürətlənməsini təmin edəcək. Əhali isə islahatların müsbət təsirini gördüyünü, bununla yanaşı bəzi yaşayış şəraiti ilə bağlı məsələlərin də gündəmə gətirilməsini istəyib.

Namizəd millət vəkili seçiləcəyi halda bu problemlərin həlli istiqamətində aidiyyatı orqanların fəaliyyət göstərməsi üçün əlindən gələni edəcəyəni deyib:

“Mən artıq bir neçə dəfə sakinlərlə görüşlər keçirmişəm. Budəfəki görüşdə  öyrəndim ki, Qarabağ küçəsi, 22 ünvanında yerləşən 9 mərtəbəli binada illərdir ki, lift quraşdırılmayıb. Yaşlı, xəstə sakinlər hər gün evinə getdikdə əziyyət çəkirlər. Hər dəfə seçkilərdən öncə əvvəlki namizədlər bu barədə söz versələr də, hələ də tədbir görülməyib. Mövcud liftlərin nasazlığına Zeynəl Xəlil, 1929 ünvanında, Təbriz küçəsi, 55 və 55A ünvanlarında da rast gəldik.

Sakinlər istirahət parklarının da şəraitsizliyindən şikayətçidirlər. Qarabağ, Tələt Şıxəliyev, Malik Məmmədov və digər yaxın küçələrin sakinlərinin uzun illərdir istirahət etdikləri Şəhriyar parkının işıqlandırılmaya və təmirə ehtiyacı var. Burada yaşıllıq zolaqları bərpa olunmalı, uşaqlar üçün oyun meydançaları da salınmalıdır”.

Kənan Məmmədov görüşləri sırasında Aşıq Qərib küçəsində istifadə olunmayan dəmir yolu xəttinin diqqətini çəkdiyini deyib:

“Bu xətt illərdir istifadə olunmur, lakin nəqliyyatın, xüsusilə operativ nəqliyyat vasitələrinin hərəkətinə ciddi mane törədir. Bu məsələnin həllində iki istiqamət var. Dəmir yolu xətti istifadəyə verilməli, o şərtlə ki, ərazidə yaşayan əhaliyə kompensasiya ödənilsin. Digər halda isə həmin xətt sökülməli və nəqliyyatın rahat hərəkəti üçün infrastruktur qurulmalıdır”.

Kənan Məmmədov deyib ki, əhalinin qeyd etdiyi digər məsələ Nərimanov rayonunda aparılan abadlaşdırma işləri ilə əlaqədardır:

“Bir rayon sakini kimi ölkə başçısının əmri ilə aparılan quruculuq işlərini dəstəkləyirik. Lakin, istərdik ki, şirkətlər tərəfindən abadlıq işləri görülərkən əhalinin oturuşmuş həyat tərzi nəzərə alınsın. Müşahidələrimiz göstərir ki, rayonda təmirə ehtiyacı olan və ya qəzalı vəziyyətdə olan binaların sakinlərinə tikinti şirkətləri tərəfindən təhvil veriləcək binaların tikintisi gecikir, bəzi hallarda isə təklif olunan kompensasiyalar həmin ərazidə eyni ölçülü yeni ev alınmasına kifayət etmir. Rayonumuzda aparılan quruculuq işlərində daim sakinlərin yanında olub, mənafelərinin qorunmasına çalışacağam”.

Görüşlərdə sakinlər namizədə dəstəyini ifadə edib, xeyir-dua veriblər. Görüşlərdə iştirak edən Kənan Məmmədovun məktəb müəllimləri isə onu daim çalışqan, sözündə düz, vicdanlı şəxs kimi qiymətləndirib.

Qeyd edək ki, Kənan Məmmədov 2010-cu ildə Prezident yanında Dövlət İdarəçlik Akademiyasından məzun olub, 2012-2015-ci illərdə İqtisad Universitetin Biznesin İdarə Olunması fakültəsində magistr dərəcəsi alıb. Hazırda ölkənin qabaqcıl banklarının birində Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəridir. Analitika və İnvestisiya üzrə tanınmış CFA sertifikatının ikinci dərəcə namizədidir. Ailəlidir, iki övladı var.