“Əvvəllər hərbçi, indi isə dövlət qulluqçusu kimi vətənə xidmət edirəm” - Video

evveller-herbci-indi-ise-dovlet-qulluqcusu-kimi-vetene-xidmet-edirem
Oxunma sayı: 9286

“Vətən sevgisi məndə ilk öncə oxuduğum məktəbdən başlayıb. Qax rayonunun Zərnə kəndinin birinci Qarabağ döyüşlərində 8 şəhidi var. Oxuduğum məktəb də şəhidimiz Zöhrab Vəliyevin adını daşıyır”.

Bunu “Qafqazinfo”ya müsahibəsində Vətən müharibəsi iştirakçısı Bəkir Əsgərzadə deyib.

O bildirib ki, onda yaranan vətən sevgisi ilə 2009-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə üz tutub: “2012-ci Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldum və burada Mühəndis-istehkamçı ixtisasına daxil oldum. 2016-cı ildə Silahlı Qüvvələrə leytenant hərbi rütbəsi ilə daxil oldum”.

Bəkir Əsgərzadə o zamandan Vətən müharibəsində yaralanana qədər Azərbaycan Ordusunda xidmətini davam etdirib. O, qeyd edib ki, Vətən müharibəsi zamanı Talış kəndi, Tapqaraqoyunlu, Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib: “Mühəndis-istehkamçı olaraq mənim döyüş tapşırığım mina sahələrindən keçidlərin açılması, düşmənin maneələrinin təmizlənməsi idi. Heyətimdə 33 nəfər kəşfiyyatçı var idi. Biz 27 sentyabrdan əks-hücuma başladıq. Suqovuşan istiqamətində düşmənin 6 cərgəli mina sahəsi var idi. Axşam saatlarında mina sahəsinin 3 cərgəsini təmizləmişdim və növbəti təmizləmə işləri zamanı yaxınlığa minaatan mərmisi düşdü”.

Bəkir Əsgərzadə partlayışın zərbə dalğası nəticəsində ərazidəki digər minanın üzərinə atılıb. Ətrafa səpələnən qəlpələr onun bədəninə dolub. Nəticədə mina partlaması nəticəsində sol ayağını itirib.

O deyir ki, hadisə baş verəndə özünü itirməyib və qanaxmanın qarşısını almaq üçün ayağını bağlayıb və yaralı halda digər 3 cərgə minanı təmizləyib. Kəşfiyyat qrupları ərazini azad etdikdən sonra o həmin döyüş mövqeyinə aparılıb. Həmin ərazidə 5 saat qaldıqdan sonra o təxliyə qrupu tərəfindən ərazidən çıxarılıb. Vəziyyəti ağır olduğuna görə, helikopterlə Bakıya, Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına gətirilib.

Qazi vurğulayıb ki, bundan sonra klinikada bütün lazımi müayinə və müalicə prosedurları həyata keçirilib: “2021-ci ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlə təmin olunmaq üçün Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə çağırdılar”.

O, 15 günlük reabilitasiyaya cəlb olunub və daha sonra protezlə təmin olunub: “Hazırda əvvəlki əmək fəaliyyətimi bərpa etmişəm. Yəni özüm öz hərəkətlərimi sərbəst şəkildə yerinə yetirirəm. İşə gedib-gəlirəm. Sərbəst şəkildə idmanla məşğul oluram”.

Bəkir Əsgərzadə qeyd edib ki, müharibə zamanı və müharibə bitdikdən sonra qeydiyyatda olduğu rayonda onun vəziyyəti ilə maraqlanıblar: “Günlərin bir günü Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev məni qəbul etdi və Ali Baş Komandan İlham Əliyevin fərmanı ilə İcra Hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili üzrə şöbənin yaradıldığını və həmin şöbədə böyük məsləhətçi vəzifəsində çalışacağımı bildirdi. Hazırda bu şöbədə çalışıram. Əvvəllər bir hərbçi kimi vətənimə, millətimə xidmət edirdim, indi isə mülki şəxs, dövlət qulluqçusu olaraq vətənimə, millətimə xidmət edirəm. Cənab Ali Baş Komandan İlham Əliyevlə iki görüşüm, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri ilə iki görüşüm olub. Ali Baş komandanla ilk görüşümdə məni “Qarabağ” ordeni ilə təltif etmişdi. Sonrakı görüşdə avtomobil hədiyyə edilmişdi. ƏƏSMN rəhbəri ilə görüşdə mənə mənzil hədiyyə olundu. Dövlətimizin şəhid ailələri və qazilərə diqqəti hazırda yüksək səviyyədədir. Biz rayon icra hakimiyyətlərində şəhid ailələri və qaziləri mənzil növbəsinə siyahıya alırıq. Elə şəhid ailəsi olur ki, bir həftə sonra zəng vurur deyir ki, mən ƏƏSMN tərəfindən artıq mənzillə təmin olundum. Bu, dövlətin böyük uğurudur”.

Qazi qeyd edib ki, bir və ya iki aydan bir reabilitasiya mərkəzinə gedir: “Müvafiq müalicə və müayinələrdən keçirəm. Bir ayağım amputasiya olunub, sağ ayağımda isə çoxsaylı qəlpə yaraları var. ƏƏSMN tərəfindən psixoloqlar dəvət olunmuşdu. Onlarla söhbətin böyük təsiri oldu”.