11 qəzetin hər birinə 60 min, 8 qəzetin hər birinə 40 min, 4 qəzetin hər birinə 30 min, 4 qəzetin hər birinə 20 min, 1 qəzetə 10 min, 5 qəzetin hər birinə 9 min manat məbləğində vəsait ayrılması qərara alınıb.
Bu vəsaitlər redaksiyalara KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun müəyyənləşdirdiyi istiqamətlər üzrə layihələrin reallaşdırılması məqsədilə verilir.
2014-cü ilin ikinci yarısı üçün keçirilən müsabiqədə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 35 qəzet müraciət edib. Onlardan 2-nin təqdim etdiyi sənədlər müsabiqə şərtlərinin tələblərini təmin etmədiyi üçün müsabiqəyə buraxılmayıb. Həmin iki qəzetdən birinin 2001-ci ildə yaradılmış, rus dilində işıq üzü görən gündəlik “Exo” qəzeti olması diqqəti cəlb edir.
“Qafqazinfo”nun məlumatına görə iyunun 30-da KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli “Media forum” saytına “Exo” qəzetinin sənədlərinin müsabiqə şərtlərinin hansı tələblərinə uyğun olmadığından danışıb.
Vüqar Səfərli qeyd edib ki, fonddan maliyyə yadımı almaq istəyən qəzetin tirajı ən azı 2500 nüsxə olmalıdır və həmin tirajın ən azı 1000 nüsxəsi satılmalıdır. İcraçı direktor vurğulayıb ki, “Exo”nun sənədləri bu meyarlara uyğun olmadığına görə müsabiqəyə buraxılmayıb: “Qəzetin nümayəndəsini iki dəfə fonda dəvət etmişik, sənədlərdə olan nöqsanları göstərmişik. Əsas nöqsan “Exo”nun gündəlik satışının 600-700 nüsxə arasında olmasıdır”.
Vüqar Səfərli bildirib ki, sənədləri qaydasında olsa, “Exo”ya maliyyə ayrılmasında heç bir problem yoxdur: “Exo” əvvəllər heç vaxt bizim müsabiqədə iştirak etməmişdi, ilk dəfə idi müsabiqəyə qatılırdı. Qəzetin baş redaktoru Rauf Talışinski də bir neçə ay əvvəl yanıma gəlmişdi. Ona demişdim ki, iyun ayında müsabiqə olacaq, sənədləri toplayın, təqdim edin”.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru xatırladıb ki, qəzetlərə maliyyənin hansı istiqamət üzrə ayrılmasını redaksiyalar yox, fond müəyyənləşdirir: “Biz 19 istiqamət üzrə vəsait ayırırıq. Qəzetlər sənədlərini təqdim edir, fond həmin sənədləri yoxlayır və meyarlara uyğundursa, həmin qəzetlər müsabiqəyə buraxılır. Redaksiyalara maliyyənin hansı istiqamət üzrə ayrılmasına fond qərar verir. Çünki istiqamətləri seçməyi qəzetlərin öhdəsinə buraxsaq, xaotiklik yaranar, hansısa istiqamət kənarda qalar”.
Son xəbərlər
Son Xəbərlər