Əyləncə maskası altında dürüstlük

eylence-maskasi-altinda-durustluk
Oxunma sayı: 1283

 

Kinoteatrda çox gözəl bir film izləmişdim. Adətən Türkiyənin istehsal etdiyi filmləri çox da bəyənmirəm. Amma “Birleşen gönüllər” filmi ürəyimcə oldu.  Çoxdandır kinoteatrda film izləmirdim.  Bu, izlədiyim filmin zövqünü daha da artırdı. Film çox təsirli idi. Filmdən daha təsirli olan izləyicilərin mədəniyyətsiz davranışları idi. İnsanlar filmə elə bil öz evlərində baxırlar. Telefonla danışan kim, filmin hər səhnəsinə uca səslə “müdrik” rəylər bildirən kim... Hələ filmin ən təsirli yerində, kövrəldiyim vaxt məndən arxadakı qızların kino qəhrəmanlarını lağa qoyub, qəhqəhə çəkmələri onlarla eyni havanı udmağıma görə məni utandırdı.

Qəribə olan budur ki, bütün bu iyrənc səhnələr kino başlamamışdan qabaq izləyicilərə telefonların söndürülməsi, səssizliyə riayət edilməsi xəbərdarlığından sonra baş verir. Bax budur bu cəmiyyət. Sonra deyirlər, tənqid etmə, az şikayət elə. Pessimistlər zatən həmişə belə deyir. Onları, təbii ki, vecimə də almıram. Bu cür reaksiyanı verənlər çox vaxt elə həmin mədəniyyətsiz insanlar olur.

Film nümayişi zamanı ətrafda gəzən nəzarətçilər var idi. Deyəsən, onlar üzərilərinə düşən öhdəliyi bilmirdilər. Nədənsə onların öz vəzifələrini yerinə yetirdiklərini görmədim. Bəlkə də, nəzarətçilər daha ağır situasiyalarda işə keçirlər. Eynən gecə klublarında olan canlı-cüssəli mühafizəçilər kimi.

Kinoteatrlara təklif edərdim ki, film başlamamışdan qabaq, ən azı üç dəqiqəlik olan sosial bir video çarx yayımlansın. Deyə bilərsiniz, kinoteatrda nə sosial çarx? Cavabım belə olacaq: İnsanları bəzən öz yalnış hərəkətlərinə görə utandırmaq gərəkdir. Yalnış hərəkət deyərkən hansısa bir xarakterik cəhəti vurğulamıram. Yanlış hərəkət hər kəsdə ola bilər. Amma bununla böyük bir izləyici kütləsinə kinonu izləyib, dincələrkən onların haqqına girənləri cəzalandırmaq lazımdır.

Misal üçün, belə bir sosial çarx ola bilər. Hər hansı bir kinoteatrda film nümayişi zamanı həmin o mədəniyyətsiz insanlardan birini (sosial çarxa çəkilən aktyoru nəzərdə tuturam) geniş şəkildə üç-dörd kamera vasitəsi ilə birdən lentə alırlar. Onun o eybəcər davranışlarını  daha qabarıq şəkildə göstərirlər və subtitrlarla, ola bilər, elə səsli formada həmin davranışlarını tərif edərək, kənardakıları necə narahat etdiklərini vurğulamaq olar. Düşünürəm ki, bu sosial çarx müəyyən qədər bəzi izləyicilərə  çox yaxşı təsir edəcək.

Kinoteatrdan gələndən bir neçə həftə sonra Gənc Tamaşaçılar Teatrında Ə. Haqverdiyevin məşhur pyesi əsasında düzənlənən “Hacı Qara” tamaşasını izləməyə getdim. Həqiqətən, teatr mədəniyyət mərkəzidir. Burda bir dənə də mədəniyyətsiz tamaşaçı, kinoteatrda gördüyüm eybəcər davranışlar görmədim. Hətta az yaşlı uşaqlar belə nə tamaşa vaxtı, nə də tamaşadan qabaq səs-küy salmadılar. Hələ tamaşa zalında, səhv etmirəmsə, 5-6 nəzarətçi vardı. Tamaşadan böyük zövq aldım.

“Hacı Qara” tamaşasından bir həftə sonra, nəhayət ki, çoxdan getmək istədiyim “ODA” teatrına getdim. Əvvəllər də “ODA”dakı aktyor dostlarım məni öz tamaşalarına baxmağa dəvət etmişdilər. Təəssüf ki, teatrın əvvəlki infastrukturu mənim əlil arabamla ora girib-çıxmağıma uyğun olmadığından gedə bilməmişdim. Bəzən yanıma gələn dostlarım “ODA”nın tamaşalarından ağız dolu danışırdılar. Mən ora gedə bilmədiyim üçün həmin dostlarıma qibtə edirdim. Çünki həmin tamaşaların haqqında internetdə çoxlu müzakirələr gedirdi. Və nə yazıq ki, bir tamaşadan başqa intenetdə onların digər videolentləri yoxdur. Əslində, belə də olmalıdır. Teatrı videoda yox, məhz canlı şəkildə, elə teatrın özündə baxmaq lazımdır.

“ODA”nın yeni ünvanında ilk izlədiyim tamaşaları  rusiyalı yazıçı Vasiliy Siqaryovun “İblisin ailəsi” pyesi əsasında hazırlanmış “Bəyaz şedevr” oldu. Doğrudan da, aktyorlar səhnədə əsl şedevr yaratdılar. Tamaşanı sanki nəfəsimi dərmədən izləyirdim. Etiraf edim ki, bu qədər təsirlənəcəyimi gözləmirdim. Hələ heç vaxt bir tamaşa zamanı belə kövrəlməmişdim.Tamaşa zamanı hadisələrin gedişatı məni o qədər ovsunladı ki, özümü teatrda yox, real həyatda hiss etdim.

Çox istərdim ki, Mədəniyyət və Turizm Nazirliyi  həmin teatrın aktyorlarının çox balaca məkanlarda itib-batmağına  imkan verməsin. Çünki ordakı uşaqlar həqiqətən mədəniyyətimizin inkişafına daha da böyük töhfə verə bilərlər.

Teatr cəmiyyətin mədəni rifahına və formalaşmağına xidmət edir. Teatr  əyləncə maskası altında bizlərə dürüstlüyü təbliğ edir. Teatr xurafata və cəhalətə qarşı amansız mübarizə aparır.

İmkan düşdükcə teatr və kinoteatra gedin və zövq alın...