Eyni mənzili fərqli adamlara satıb 2 milyonu ələ keçirdi

eyni-menzili-ferqli-adamlara-satib-2-milyonu-ele-kecirdi
Oxunma sayı: 1908

Eyni mənzilləri müxtəlif şəxslərə satmaqda təqsirləndirilən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, çoxsaylı vətəndaş narazılığına səbəb olan “FAM-88” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaqla “FAM-88” MMC-nin təsisçisi Hüseynov Fəxrəddin Balaxan oğlunun həmin cəmiyyətin direktoru Tağıyev Rafiq Nərçə oğlu ilə əlbir olaraq MMC tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara qanuni sahibləri olan mənzilləri saxta müqavilə və maliyyə arayışları tərtib edib təkrarən satmaqla 59 şəxsə məxsus ümumilikdə 2 milyon 400 min manatdan artıq pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq dövründə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsi təmin edilib.

Toplanmış sübutlar əsasında Fəxrəddin Hüseynov və Rafiq Tağıyevə Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.