Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Beyləqan rayonunda da yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
“Qafqazinfo” xəbər verir ki, Əziz Əzizov Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyətə başladığı ilk gündən rayonun qəsəbə və kəndlərində şəhid məzarlarını ziyarət edib, şəhid ailələrinə öz evlərində baş çəkərək, onların qayğıları ilə maraqlanıb.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hüquq-mühafizə orqanlarının rəhbərləri və RİHBA-nın əməkdaşları ilə birlikdə Beyləqan şəhəri, eləcə də rayonun Bahar, Qəhrəmanlı və Örənqala qəsəbələri, Kəbirli və Yuxarı Kəbirli kəndlərindəki şəhidlərimizin məzarlarını ziyarət edib, əziz xatirələrinə ehtiram əlaməti olaraq məzarları üzərinə gül dəstələri düzüb, ruhlarına dualar edib.
RİH başçısı adı çəkilən ərazilərdə şəhid ailələrini də ziyarət edib, onlara baş sağlığı verərək 44 günlük Vətən müharibəsində şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını və buna görə də Azərbaycan xalqının onlara daim minnətdar olduğunu bildirib.
Ziyarət edilən hər bir şəhid ailəsinə Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq sovqatı təqdim olunub.