Əziz Əzizov Bülbülə sakinləri ilə görüşdü - Foto

eziz-ezizov-bulbule-sakinleri-ile-gorusdu
Oxunma sayı: 684

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü Bülbülə qəsəbəsində keçirib.

“Qafqazinfo” xəbər verir ki, 150 nəfərə yaxın sakin və ictimaiyyət nümayəndəsinin iştirakı ilə 232 nömrəli tam orta məktəbin akt zalında keçirilən səyyar görüş-qəbulda Əziz Əzizov sakinlərə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verərək bildirib ki, əhaliyə göstərilən sosial xidmətlər daim təkmilləşdirilir. Həyata keçirilən sosial siyasətin əsas məqsədi ehtiyacı olan hər bir Azərbaycan vətəndaşına qayğı göstərməkdir.

Rayon rəhbəri sakinlərə məlumat verib ki, ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, rayonun yolları yüksək sürətlə abadlaşır. Mərhələli şəkildə bütün qəsəbələrdə məhəllədaxili yollar asfaltlanaraq abadlaşacaq. Rayonda, eyni zamanda hündürmərtəbəli binaların fasadları yenilənir, dam örtükləri dəyişdirilir, yeni abad həyətlər salınır.

Çıxış edən sakinlər onları maraqlandıran suallarla Əziz Əzizova müraciətlər ediblər.

Rayon rəhbəri qəsəbə sakinlərini narahat edən məhəllədaxili yolların asfaltlanması, bəzi yerlərdə yeni kanalizasiya şəbəkəsinin qurulması, avtobusların marşrut xətlərinin uzadılması, küçələrin işıqlandırılması ilə bağlı məsələlərə aydınlıq gətirib.