Əziz Əzizov Qaraçuxur sakinləri ilə görüşdü - Foto

eziz-ezizov-qaracuxur-sakinleri-ile-gorusdu
Oxunma sayı: 1345

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü Qaraçuxur qəsəbəsində keçirib.

“Qafqazinfo” xəbər verir ki, 200 nəfərə yaxın sakin və ictimaiyyət nümayəndəsinin iştirak etdiyi görüşdə rayon rəhbəri qeyd edib ki, keçirilən belə görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları operativ həll etməkdir.

Səyyar görüş-qəbulda sakinlərə cari ildə Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilən qərarlar barədə ətraflı məlumat verib.

Əziz Əzizov sakinlərin diqqətinə çatdırıb ki, rayonda genişmiqyaslı abadlıq işləri gedir. Yeni Suraxanı qəsəbəsində bütün küçələr asfaltlanır. Mərhələli şəkildə rayonun bütün qəsəbələrində daxili yollar əsaslı təmir edilərək asfaltlanacaq.

Çoxmərtəbəli binaların fasadları yenilənir, dam örtükləri dəyişdirilir, liftləri təzələnir, abad həyətlər salınır, ağaclar budanır, qurumuş ağaclar kəsilir. Bütün bu işlər sakinlərin rahatlığının təmin edilməsi üçündür.

Rayon rəhbəri səyyar görüş-qəbulda sakinləri narahat edən bir sıra məsələlərə aydınlıq gətirib, müxtəlif sahələrlə bağlı qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.