Əziz Əzizov Yeni Suraxanı qəsəbə sakinləri ilə görüşdü - Foto

eziz-ezizov-yeni-suraxani-qesebe-sakinleri-ile-gorusdu
Oxunma sayı: 871

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü Yeni Suraxanı qəsəbəsində keçirib. 89 nömrəli tam orta məktəbin akt zalında keçirilən səyyar görüş-qəbulda 200 nəfərdən çox sakin və ictimaiyyət nümayəndəsi iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, Əziz Əzizov səyyar görüş-qəbulda sakinlərə Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verərək dövlət başçısının bu istiqamətdə həyata keçirtdiyi tədbirlərin davam etdirildiyini bildirib.

Rayon rəhbəri sakinlərin diqqətinə çatdırib ki, Dövlət Proqramlarına uyğun olaraq ölkənin hər yerində olduğu kimi Suraxanı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri gedir. Yeni Suraxanı qəsəbəsində bütün küçələr asfaltlanır, ehtiyac olan yerlərdə yeni kanalizasiya və su şəbəkələri qurulur. Rayonun digər qəsəbələrində də yollar asfaltlanır, çoxmərtəbəli yaşayış binalarının fasadları rənglənir, dam örtükləri dəyişdirilir, yeni abad həyətlər salınır. Bütün bu işlər sakinlərin rahatlığının təmin edilməsinə xidmət edir.

Sakinlər onları maraqlandıran suallarla Əziz Əzizova müraciət ediblər. Rayon rəhbəri sakinlərin yeni kanalizasiya şəbəkələrinin qurulması, yolların asfaltlanması, marşrut avtobuslarının xətlərinin uzadılması ilə bağlı qaldırdıqları məsələlərə aydınlıq gətirib.