Mayın 2-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində Yeni Yasamal yaşayış massivində Murad Mirzəyev küçəsi bina 4 və 5-ci binanın sakinləri ilə keçirib.
“Qafqazinfo” xəbər verir ki, səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əziz Əzizov çıxış edərək aprelin 30-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı tərəfindən aparılan liberal dəyərlərə əsaslanan dayanıqlı islahatlar haqqında sakinlərə ətraflı məlumat verib.
İslahatların dövləti gücləndirəcəyini, iqtisadiyyatımızı daha yüksək inkişaf mərhələsinə qaldırmaqda ciddi rol oynayacağını diqqətə çatdıraraq yaxın gələcəkdə əhalinin sosial vəziyətinin yaxşılaşması, həyat səviyyəsinin yüksəlməsi üçün ciddi irəliləyişlərin əldə olunacağını bildirib.
Daha sonra icra başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlərin əldə edildiyini, yolların salınması və əsaslı təmir edilməsini, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayıb.
Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən suallarla bağlı Əziz Əzizova müraciətlər ediblər. Sakinləri maraqlandıran məsələlər əsasən kommunal xidmətlər, məcburi köçkünlərin mənzil məslələri və su ilə bağlı olduğundan problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib.
Son xəbərlər
Son Xəbərlər