Əziz Əzizov yeni icra başçısı kimi ilk görüşünü keçirdi - Fotolar

eziz-ezizov-yeni-icra-bascisi-kimi-ilk-gorusunu-kecirdi
Oxunma sayı: 3914

Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı kimi sakinlərlə ilk görüşünü ötən gün Zığ qəsəbəsindən başlayıb.

“Qafqazinfo” xəbər verir ki, 317 nömrəli tam orta məktəbin akt zalında keçirilən səyyar görüş-qəbulda Milli Məclisin deputatı Sevinc Fətəliyeva, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, RİHB-nin Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Zığ bələdiyyəsinin, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, 200 nəfərə yaxın sakin və ictimaiyyət nümayəndəsi iştirak edib.

Görüşün əvvəlində Əziz Əzizov xatırladıb ki, Prezident İlham Əliyevin 12 noyabr tarixli Sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, diqqətə çatdırıb ki, dövlət başçısının tapşırığına əsasən rayon İcra Hakimiyyətlərinin başçıları ilk növbədə, vəziyyəti düzgün qiymətləndirməli, çox ciddi təhlil aparmalı, çatışmayan cəhətləri üzə çıxarmalı və mövcud olan problemlərin həlli üçün səylərini göstərməlidir: “15 il ərzində - 2003-2018-ci illərdə bizim iqtisadiyyatımız üç dəfədən çox artıb. Bütün digər göstəricilər onu təsdiq edir ki, iqtisadi artım, eyni zamanda, vətəndaşların sosial təminatına da müsbət təsir göstərib. Beləliklə, Azərbaycanda yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Xarici dövlət borcu ən aşağı səviyyədədir, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. Böyük infrastruktur layihələri icra edilib və bu gün ölkəmizdə qazlaşdırmanın səviyyəsi 96 faizdir. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı dünya miqyasında ikinci yerə layiq görmüşdür. Sosial islahatlar uğurla aparılır”. 

Əziz Əzizov sakinlərə cari ildə İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verib.

Rayon sakinləri onları maraqlandıran suallarla bağlı icra başçısına müraciətlər ediblər.Rayon rəhbəri sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi, Zığ qəsəbəsində sakinlərin istirahəti üçün parkın salınması, qəsəbədaxili küçələrə asfalt örtüyünün vurulması ilə bağlı qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.