Facebook intiharları

facebook-intiharlari-
Oxunma sayı: 1955


Kimsə deməsin ki, məsələn, əşşi, feysbukdu də, niyə ictimailəşdirirsiniz, yaxud, feysbukda yazılan statusları niyə ciddi hesab edirsiz ki? Göründüyü kimi, sosial şəbəkələr böyük əhəmiyyətli ictimai yerlərdir. Sosial şəbəkələr küçədi, bazardı, şadlıq sarayıdı, iş yeridi, kafedi, universitetdi, hündürmərtəbəli binadı, intihar kəndiridi, dar ağacıdı...

Adamlar evdə ailəsinə demədiyi sirri sosial şəbəkələrdə ictimai müzakirəyə çıxarır. Kim kimin həyatını izləmək istəyirsə onu virtual aləmdə tapır. Bu son texnologiyanın ucbatından nə qədər ailə dağılıb, intiharlar baş verib. Elələri var ki, utanmasalar az qala ayaqyoluna getmək barədə məlumatı da orda paylaşar. Dinəndə də deyirlər ki, işiniz-gücünüz yoxdu, niyə oranı ciddi bir yer hesab edirsiz ki? Ciddi deyilsə, niyə gün ərzində gördükləri işləri, günü necə başlayıb, necə bitirmələrini nöqtə, vergülünə qədər paylaşırlar?

İş o yerə çatıb ki, özünü öldürmək istəyən də Facebook sosial şəbəkəsində intihar edəcəyi ilə bağlı status yazır və gedir... Sonrasını bilmir, düşünmür. Düşünmür ki, 3-5 gün ağlaşma quranlar sonra yenə öz həyatına davam edəcək. Profilində statuslar, fotolar yenilənəcək. Viran qalan, xarabazara çevrilənsə onun virtual dünyası, real həyatı olacaq... 

Macəra axtaran, boş-bekar, qara xəbərin dalınca qaçan, yaxud tam əksinə, üzülənlər də başlayır intihar edən adamın həmin statusunun altına “Niyə belə etdin”, “Bu, doğrudurmu”, “Hara getdin”, “Qayıt, gəl”, “Sən ölməli deyilsən” kimi şərhlər yazıb kədəri ifadə edən “smaylik”lər düzməyə... Sanki mərhum qəbirdən qalxıb bu şərhlərə cavab verəcək...

Nəticə çıxarmağın vaxtıdır. Sosial şəbəkələrin əhəmiyyət dozasını azaltmaq lazımdır. İntihar edənlərə Facebook-da ağlaşma, yas məclisi qurmaq lazım deyil. Profilinə qaralar bağlamağa, hay-küy yaratmağa son verməyin zamanıdır. Sıfır reaksiya! Nəticəsi mütləq olacaq. İnsanların son sözünü Facebook-da yazıb intihar etməsi yerdə qalanlara nəsə demirmi? Demirsə, demək ki, qulaqları eşitmir...