“Qafqazinfo” xəbər verir ki, “Media forum” saytına açıqlamasında Nurcahan Əbilova deyib ki, bundan əvvəl o, oğlunun işi ilə əlaqədar Heydər Əliyev Fonduna ərizə ilə müraciət edib: “Həmin ərizə Baş Prokurorluğa göndərilib. Bununla bağlı aprelin 7-də məni Baş Prokurorluğa çağırdılar. Getdim. Dedim sizə dəfələrlə ərizə yazmışam, amma bircə dəfə cavab verilib, onda da yazılıb ki, guya mən düz danışmıram, oğlum narkotikə görə həbs olunub. Prokurorluqda bir daha oğluma qarşı ittihamların əsassız olduğunu söylədim, şikayətlərimi bildirdim. Dedim ki, oğlum şərlənib, sifarişlə həbs olunub”.
Nurcahan Əbilovanın sözlərinə görə, bu ay oğlu ilə görüşüb: “Vəziyyəti pisdir. Sadəcə özünü sındırmır, deyir ki, ana, yaxşıyam. Deyirəm necə yaxşısan, axı mən səni görürəm”.
Bakı İstintaq Təcridxanasında saxlanan Əbdül Əbilov ötən il noyabrın 22-də tutulub. Əbdül Əbilov narkotik alverində ittiham olunur. Ailəsi onun “Facebook”dakı fəallığına görə həbs olunduğunu deyir. Əbdül Əbilov “Facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.
Son xəbərlər
Son Xəbərlər