İranlı həkimlərin vəd etdiyi “möcüzələrdən” biri də bütün dünyaya bəlli olmayan, yalnız İranda tətbiq edilən dərmanlardır. Bir sözlə, həmin reklamlara inansaq, İrana ölü gedib diri qayıtmaq mümkün imiş...

“İranda müalicə” adlı "facebook" səhifəsindəki reklamlardan birinə nəzər salaq: “İranda xərçəngin müalicəsi! Xərçəng İranda lazer və nanotexnologiya ilə müalicə olunur! Xərçəng hüceyrələri, lazer və nanotexnologiya xüsusiyyətləri istifadə etməklə! İran xərçəngin müalicəsi üçün bir yol təqdim edir!”
İran mətbuatında bu mövzuda dərc olunan yazıların mətni də həmin elanlarda yerləşdirilib. Lakin fars dilində yazılan xəbərlərdə bu xəstəliyin müalicəsi haqqında doğrudan da məlumat verilib-verilmədiyi bu dili bilməyənlər üçün təbii ki, qaranlıqdır. Məsələn, aşağıdakı mətn fars dilini bilməyənlərə nə deyir?
پژوهشگران دانشگاه دانشکده دندانپزشکی دانشگاه علوم پزشکی ارتش با استفاده از ویژگیهای سلولهای سرطانی به کمک لیزر و نانو فناوری روشی را برای درمان سرطان دهان ارائه کردند که با اجرای فاز دوم تحقیقات امیدوارند گامهای موثری در جهت درمان این بیماری در کشور بردارند.
نانو ذرات همراه با آنتی بادی به دور سلولهای سرطانی چسبید و زمانی که لیزر به این نانو ذرات که گوی های سیلیسی هستند تابانده میشود این گویها شروع به گرم شدن میکنند.
Reklamların altında yerləşdirilmiş fars dilindəki yazıların elə sırf reklamlara xidmət edən aldadıcı vasitələrdən biri olduğu şübhəsizdir.
Digər elanda azərbaycanlı xəstələr üçün İran xəstəxanalarında daşınma, gömrükdə qarşılanma, otel və müalicə ilə bağlı xidmətlər təklif olunur.
Son günlər İran tərəfinin azərbaycanlı xəstələr üçün güzəştlər təklif etməsi də diqqətdən yayınmır. İran mətbuatı isə bu məsələdə xüsusi cənfəşanlığı ilə seçilir. İrana müalicəyə gedən azərbaycanlı xəstələrin statistikasının şişirdilməsini də nəzərə alsaq, qarşı tərəfin bu sahədə planlaşdırılmış siyasət yürütməsinə heç bir şəkk-şübhə və deyilənlərin sübuta ehtiyacı qalmır.

Bəs əslində nə baş verir? Doğrudanmı İranda tibbin inkişafı nəinki Azərbaycanı, hətta Avropanı kölgədə qoyacaq səviyyəyə çatıb? İran onkoloji xəstəliklərin müalicəsində doğrudanmı yeni dərman və ya müalicə üsulu kəşf edib?
“Qafqazinfo” virtualaz.org saytına istinadən bu sualların cavabını axtarıb.
Xərçəng xəstələrinin statistikası
Əvvəlcə hazırda Azərbaycandakı onkoloji xəstələrin statistikasını təqdim edək. Ölkəmizdə 34681 nəfər onkoloji xəstə qeydiyyatdadır.
Onkoloji xəstəliklərin ilkin mərhələdə aşkarlanması üçün Səhiyyə Nazirliyinin təşəbbüsü ilə paytaxt Bakı da daxil olmaqla bölgələrdə mütəmadi olaraq pulsuz müayinə aksiyaları keçirilir. Buna görə də son illər xəstəliyin ilkin mərhələdə aşkarlanması, xərçəng xəstələrinin ömür müddətinin artımı və bu xəstəliklərdən dünyasını dəyişənlərin faiz göstəricisinin əhəmiyyətli dərəcədə azalması müşahidə edilir.
Bəllidir ki, xərçəng xəstəliyi birinci və ikinci mərhələdə aşkarlananda xəstənin sağalma ehtimalı da, sağalanların faiz göstəricisi də yüksək olur.
O ki qaldı İranda xərçəng xəstələrinin sayına, ərazi və əhalisinə görə Azərbaycandan qat-qat böyük olan İranda da bu xəstəlikdən əziyyət çəkənlərin sayı ildən-ilə artır. İran mətbuatının məlumatına görə, artıq hər 10 nəfərin 1-də yeni törəmə şişlər aşkarlanır. Yəni yeni dərman və ya texnologiyaları reklam edən İran səhiyyəsinin gücü bu artımın qarşısını almağa yetmir.
“İrana getdim ki...”
“Azərbaycanda mənə süd vəzinin xərçəngi diaqnozunu qoydular. Bizim həkimlərin məsləhətinə qulaq asmadım. İrana - Ərdəbilə getdim”.
Bunu İranda aylar uzunu müalicə alan Elmira Hüseynova deyir.

42 yaşlı müsahibimiz beləliklə 6 dəfə İrana ayaq döyüb: “Ərdəbildə məni müayinə edən həkim bizim həkimlərin diaqnozuna güldü. Hətta hər gün onlarla azərbaycanlı xəstəni sağaltdığını dedi. Mən də inandım. Mənə uşaqlıq yolunda kista diaqnozu qoydular. Həkim dedi ki, uşaqlıqdakı kista süd vəzini şişirib, müalicə ilə keçəcək”.
Beləliklə, 6 ay Ərdəbilə gedib-gələn xəstə yenidən analiz verib. Özünü dinləyək: “Son günlər ağrılarım şiddətlənmişdi. Qəbul etdiyim dərmanlar vəziyyətimi ağırlaşdırmışdı. Bakıda bir neçə yerdə analiz verdim və bütün analizlərdə süd vəzi xərçənginin olduğu təsdiqləndi. Kor-peşman yenidən Milli Onkologiya Mərkəzinə qayıtdım, şüa terapiyası aldım. İndi vəziyyətim yaxşıdır”.
Bağırsaq xərçəngi olan Lənkəran sakini 51 yaşlı Aslan Əliyev isə İranda əməliyyat otağından qaçıb: “Xərçəng olduğumu eşidəndə çox qorxdum. Eşitmişdim ki, bədxassəli şişə bıçaq vurmazlar. Kimya terapiyasından da imtina etdim. İrana getdim, çatan kimi məni əməliyyata götürdülər. Həkim dedi ki, bağırsaqlarından kəsəcəyik. Nə müayinə etdilər, nə də Azərbaycandan apardığım müayinələrin cavabına düz-əməlli baxmadılar. Bir də gördüm ki, məni əməliyyata hazırlayırlar, əllərindən qaçdım. İndi şükür, yaxşıyam, pis günlərim arxada qalıb”.
Aynurə Rzayeva isə xərçəng diaqnozu ilə İrana aparılıb. Lakin ona diaqnozun yanlış olduğunu deyiblər: “Xərçəngin adı qorxuludur. Yaxınlarım məni İrana - Təbrizə apardılar. Orada mənə dedilər ki, ürəyim xəstədir. Mənə xüsusi corab yazdılar. İranda 100 dollar verib o corabları aldım. Beləliklə, 8 ay orada müalicə olundum”.
Xəstənin vəziyyətinin get-gedə ağırlaşdığını görən yaxınları onu Bakıda xəstəxanaya aparıblar: “Corablar ayağımı sıxırdı, amma qorxumdan çıxara bilmirdim. Nəticədə iki ayaq barmağımı kəsdilər. Üstəlik şəkərim də qalxmışdı. Məni Bakıdakı Milli Onkologiya Mərkəzinə reanimasiya şöbəsinə köçürdülər. Burda əməliyyatdan sonra kimya terapiyası qəbul etdim. Buna görə də yaxşılaşmağım uzun vaxt aldı. İranlı həkimlərin “sayəsində” bu dünyada cəhənnəm əzabı yaşadım”.
Müsahibimiz deyir ki, iranlı həkimi də təsadüfən seçməyib: “Reklamda gördüm ki, özəl klinikaların biri İrandan həkim dəvət edib. Mən də qəbuluna yazıldım, dedi ki, Təbrizə gəl, ətraflı müayinə olun. Onun işlədiyi klinikada müayinə olundum, ürəyimi isə özü müalicə etdi. İndi tam sağalandan sonra abrını ətəyinə bükmək üçün yanına gedəcəyəm. Telefonda zəng edib danışırdıq. Vəziyyətimin pisləşdiyini görəndən sonra daha telefon zənglərimə də cavab vermədi. Dedi ki, öz həkimlərinizdən bezmişdin, indi məndən nə istəyirsən. Oradakılar elə bilirlər ki, bizdə həkim yoxdur, ya da biz öz həkimlərimizdən bezmişik. Amma məni o vəziyyətdən elə öz həkimlərimiz çıxardı”.
İranda xərçəngin müalicəsində yazılan dərmanlara gəldikdə isə müsahiblərimiz fərqli heç nə hiss etməyiblər.
Aynurə Rzayevanın sözlərinə görə, İranda dərmanlar sadəcə çox ucuzdur. Amma onkoloji, hepatit, vərəm xəstəliklərinin müalicəsində tətbiq edilən dərmanlar bahadır: “İran istehsalı olan dərmanlar alırdıq. Baxırdım ki, adi ağrıkəsici və ya yüngül dərmanlar ucuzdur. Mən xərçəngin müalicəsində istifadə edilən dərmanları İranda da baha alırdım. Bizim xəstələrin çoxuna ağrıkəsici və ya allergiya əleyhinə dərmanlar təyin edilir. Bizimkilər də “dərmanlar ucuzdur” deyib hər xırda müayinədən ötrü İrana getmək istəyirlər. Amma başına gələn başmaqçı olar. Mən daha nə deyilənlərə, nə də reklamlara inanmıram”.
Qeyd edək ki, İrandakı müalicədən narazı qalan azərbaycanlı xəstələrin sayı son vaxtlar sürətlə artır. Doğrudur, əvvəlki illərə nisbətən İrandakı xəstəxanalara axın da azalıb. Amma iranlı həkimin səhv diaqnoz və müalicəsindən zərər çəkən azərbaycanlı xəstələrin döyəcəyi qapı hələ də yoxdur. Baxmayaraq ki, bütün dünyada olduğu kimi İranda da yanlış diaqnoz və ya müalicə nəticəsində xəstənin səhhəti ağırlaşsa və ya ölüm faktı baş versə, pasiyentin yaxınlarının həkimdən şikayət etmək hüququ var. Amma təcrübə göstərir ki, Azərbaycandan gedən xəstələrin belə hüququ yoxdur, bu qanun onlar üçün keçərli deyil. Ən azından İrana diri gedib ölü qayıdanlarla bağlı indiyədək hansısa həkimin sorğu-suala çəkildiyinə dair xəbərə rast gəlməmişik. Halbuki xəstəxananın pulu tam ödənmədiyi üçün xəstələrin və ya meyitlərin girov saxlanıldığı ilə bağlı daha tez-tez məlumatlar verilir. Və İran tərəfinin Azərbaycan mətbuatının istənilən tənqidi fikirlərinə aqressiv cavabı gecikmir.
Bu isə onu göstərir ki, İran azərbaycanlı xəstələrdən büdcəsinə daxil olan vəsaiti itirməmək üçün əlindən gələni əsirgəmir.
Baş onkoloq: “Onkoloji xəstəliklərdən qorxmayın”
Qayıdaq son vaxtlar artıb-çoxalan reklam və elanlara. Rəsmi statistika və müşahidələr göstərir ki, onkoloji xəstəliklərin müalicəsində azərbaycanlı mütəxəssislərə etibar edənlərin sayı durmadan artır. Hətta son illər qonşu ölkələrdən, eləcə də İrandan Azərbaycana müalicəyə gələn xərçəng xəstələrinin sayında da artım var. Buna görə də yenə reklam çarxları işə düşüb.
Elə mütəxəssislər də bunu təsdiqləyirlər.

Ölkənin baş onkoloqu Azad Kərimli də xaricdə müayinə və müalicənin reklam edilməsindən və beləliklə də əhalinin aldadılmasından narazıdır.
A.Kərimli açıqlamasında maarifləndirmənin zəif aparılmasından gileyləndi: “Televiziyada ancaq xaricdən gələn həkimləri və özəl klinikaları reklam edirlər. Halbuki xaricdən gələnlər öz ölkələrində tanınmırlar. Azərbaycana gəlib yüngül xəstələri burada əməliyyat edirlər. Əsasən xəstələri öz ölkələrinə dəvət edirlər. Amma yüksək ixtisaslı, peşəkar həkimlər Azərbaycana gəlmir. Peşəkar mütəxəssis öz kabinetində xəstəsini qəbul edir, axşam da öz evində yatır. Öz ölkəsində tanınan, tələbat duyulan güclü mütəxəssisin Azərbaycana gəlib burada xəstə qəbul etməsi inandırıcı məsələ, real iş deyil. Bəzən elə xəstələrlə rastlaşırıq ki, adicə müayinə olunmaq üçün xaricə üz tutub. Hansı ki, o müayinələr bizim mərkəzdə dəfələrlə yüksək keyfiyyətlə aparılır. Doğrudur, bu gün səhiyyədə özəl sektor mütləq olmalıdır, amma xarici mütəxəssislərin hesabına yox. Bizim güclü mütəxəssislərimiz, alimlərimiz var. Qonşu ölkələrdən gələnlərin adi əməliyyatlarını telekanallarda hər gün şişirdirlər. Biz lazer üsulu ilə mədəni tamam götürürük, limfa düyünlərini təmizləyirik, bağırsaqların ağır əməliyyatını aparırıq. Bəs bunlardan niyə danışmırlar? İranda vəziyyəti ağırlaşaraq geri dönən nə qədər xəstəni vəziyyətdən məhz biz çıxarmışıq. Bizim mərkəzə İrandan, Rusiyadan, Qazaxıstandan gəlib müalicə alanlar var. Bizim xəstələrimiz isə reklamlara inanıb İrana müalicəyə gedirlər. Amma 3-5 dəfə gedib-gələndən sonra vəziyyətləri ağırlaşır, kor-peşman geri dönürlər. Həm səhhətlərinə zərər vururlar, həm də ciblərinə. İrandan geri dönən xəstələri bəzən elə vəziyyətdə gətirirlər ki, onları vəziyyətdən çıxarmaq üçün günlərlə əziyyət çəkirik”.

Baş onkoloq Azərbaycandakı müalicə və əməliyyatların dünya standartlarına, protokollara uyğun aparıldığını söylədi: “Hər həftənin birinci günü xəstələrin xəstəlik tarixçəsinin, diaqnozların, müayinələrin nəticələrinin müzakirəsi gedir. Bu müzakirlərədə cərrahlar, radioloqlar, kimyaterapevtlər, diaqnostiklər iştirak edir. Deyirlər bir ağıl üstündür, üç ağıl ondan da üstündür. Həkimlər bu müzakirələrdə ümumi bir fikrə gəlirlər. Amma İranda bizim xəstələrə elə yanaşıb hərtərəfli müayinə etmirlər. Eləcə də özəl klinikalarda onkoloqlar azdır, xəstələr əməliyyat olunandan 2-3 gün sonra yola salınır ki, get, səndə heç nə yoxdur. Onlarda kimya terapiyası, şüa terapiyası yoxdur. Mən heç kimi pisləmək istəmirəm, amma xəstələrə görə məsuliyyət daşımaq lazımdır. Milli Onkologiya Mərkəzində əməliyyat öncəsi şüa lazımdırsa, şüa veririk, kimyə terapiyası lazımdırsa, onu edirik. Əməliyyatdan sonra xəstə nəzarətdə saxlanılır, şüa və ya digər müalicələri davam etdirilir. Bundan ötrü mərkəzin ərazisindən çıxmağa ehtiyac olmur.
Onu da deyim ki, onkologi xəstəliklərin cərrahi əməliyyatı xüsusi diqqət tələb edir. Şişi çıxarmaqla iş bitmir, çıxarılmış şiş müayinə edilir, sonrakı müalicə üsulu müəyyənləşdirilir”.
A.Kərimli onkoloji xəstəliklərin müalicəsindən də danışdı: “Mən Milli Onkologiya Mərkəzini reklam etmirəm, çünki burada müalicə alanlar da, xəstə yaxınları da yaradılmış şəraiti yaxşı görürlər. Bizim mərkəzdə müasir tələblərə uyğun 4 bina tikilib. Hazırda isə poliklinika və diaqnostika mərkəzinin tikintisi gedir. Yəni bura bir şəhərciyə dönüb. Mərkəzdə xərçəngin cərrahiyyə əməliyyatı üçün həm mütəxəssislər, həm də avadanlıqlar var.
Digər tərəfdən, kimya terapiyası aparılması üçün dərmanlarla təmin edilirik. Ən müasir tibbi avadanlıqlarla şüa terapiyası aparırıq. Diaqnostika aparatlarımız da müasirdir. Əksər ölkələrdə uşaq onkologiyası şöbəsi yoxdur. Amma bizim mərkəzdə ayrıca uşaq onkologiyası şöbəsi fəaliyyət göstərir. Əvvəllər nisbətən imkanı olan ailələr onkoloji xəstəliyi olan uşaqların müalicəsi üçün xarici ölkələrə gedirdi. İmkansız ailələrin xəstələri isə respublika daxilində yarıdoğru-yarıyanlış diaqnozla müalicə alırdılar. Lakin indi uşaqlarda onkologi xəstəliklərin müayinə və müalicəsi üçün şərait yaradılıb. Bizim yüksək ixtisaslı uşaq onkoloqlarımız var”.
A.Kərimli qeydiyyatda olan xərçəng xəstələrinin müalicəsinə də toxundu: “Hazırda Azərbaycanda 34681 onkologi xəstə qeydiyyatdadır. Çoxları onkoloji xəstələrin sayının artdığını deyir. Əksinə, Azərbaycanda xəstələrin sayı artmır. Qonşu ölkələrin statistik göstəriciləri ilə müqayisədə onkoloji xəstəliklərin artım tempi zəifdir. Mən keçən il Krımda səfərdə idim. Krımın 2 milyon əhalisi var. Orada onkologi xəstələrin sayı isə 50 mindir. Mən digər ölkələri də nümunə göstərə bilərəm. Onu da qeyd edim ki, qeydiyyatda olan xəstələrin 13 mini 5 il və 5 ildən yuxarı yaşayanlardır. Yəni onların arasında 8, 14, 20, 28 il yaşayanar da var”.

Baş onkoloq əhali arasında onkoloji xəstələrlə bağlı çaşqınlıq və qorxu yaradılmasına qarşıdır: “Əhali onkologiyanın adı gələndə qorxur. Bəs infarkt, beyinə qan sızması qorxulu deyil? Vərəm, adi qrip belə qorxulu fəsadlar törədə bilər. Onkoloji xəstəliklərin erkən aşkarlanması zamanı tam müalicə mümkündür”.
Mütəxəssisin sözlərinə görə, bütün dünyada olduğu kimi Azərbaycanda da qadınlarda əsasən süd vəzi, kişilərdə isə ağciyər xərçəngi yayılıb: “Xəstəlik birinci və ikinci mərhələdə aşkarlanarsa, yüz faiz sağalmaya nail ola bilirik. Ona görə də əhali arasında maarifləndirmə aparılmalıdır”.
Tibbi ekspert Soltan Hacıyev də Azərbaycanda onkoloji xəstəliklərin müalicəsində tətbiq edilən son yeniliklər xaricə xəstə axınının azalmasına səbəb olduğunu deyir: “Əvvəllər nisbətən imkanlı ailələr Türkiyə, Almaniya, İzrailə, imkansızlar isə İrana gedirdilər. Amma indi respublikada xərçəngin müalicəsi üçün bütün şərait yaradılab. Bundan əlavə, onkoloji xəstəliyin müalicəsi xüsusi diqqət tələb edir. Bunun kimya terapiyası, şüası, dərmanla müalicəsi var”.
Bununla belə mütəxəssis İran səhiyyəsinin inkişaf etdiyini də qeyd edir: “Biz İran səhiyyəsinin üstündən birdəfəlik xətt çəkə bilmərik. İranda xüsusilə cərrahiyyə inkişaf edib. Amma konkret onkologiyaya gəldikdə əməliyyatdan sonra xəstəliyin gedişatı nəzarətdə saxlanılmalıdır. Xəstənin vəziyyəti pisləşərkən yardım edilməlidir. Bundan əlavə, İran səhiyyəsindən danışarkən daha çox Tehranı qeyd etmək lazımdır. Tehrandakı şəraitlə Təbrizdə, Ərdəbildə və ya Urmiyada olan şərait bir deyil. Amma Tehranda müalicə və müayinə çox bahadır. Tərcüməçi tutmağı, otel və yol xərclərini də nəzərə alaq. Bizim xəstələr isə daha ucuz qiymətə müayinə olunmaq üçün Təbrizə, Ərdəbilə gedirlər. Nəticədə yanlış diaqnoz alır, yanlış müalicə olunurlar”.
S.Hacıyev son illər İrandan xaricə təhsil almağa gedənlərin sayının azalmasına da diqqət çəkdi: “Əvvəllər İrandakı tələbələrin çoxu Avropada, Amerikada təhsil alırdı. Amma indi bu tendensiya azalıb. İranda yüksək peşəkarlığı ilə seçilən həkimlərin yaşı 55-60-dan yuxarıdır. Onların əksəriyyəti isə son yeniliklərlə maraqlanmır. Xəstəxanaların şəraitinə gəldikdə isə Azərbaycanda onkoloji xəstələrin müalicəsi üçün yaradılan şərait İran xəstəxanalarında yoxdur”.
...Reklamlara aldanaraq səhhətini əcnəbi həkimlərə etibar edənlərə “ucuz ətin şorbası olmaz” deyimini xatırlatmaqla seçim edərkən bir daha düşünməyi tövsiyə edirik. Seçim sizindir, amma düşünmədən qərar verməyin...