Faiq Əhmədin fərdi sərgisi Romada- - Fotolar

faiq-ehmedin-ferdi-sergisi-romada-
Oxunma sayı: 2090


“Omnıa mutantur, nıhıl interıt” (“Hər şey dəyişilir, heç nə məhv olmur”) adlı fərdi sərgidə rəssam ənənəvi Azərbaycan xalılarının dizaynının möhtəşəm müasir incəsənət əsərlərinə çevrildiyi yeni “xalça işləri” silsiləsini nümayiş etdirir. Bu silsilədə yer alan əsərlər Azərbaycanda əsrlər boyu qorunub saxlanılan adət-ənənələrin müasir interpretasiyasını özündə ehtiva edir. Belə ki, xalçaların bir hissəsində ənənəvi rəng çalarlarından, digər hissədə isə innovativ yanaşmalardan istifadə olunub. Sərgi italiyalı incəsənət sevərlər tərəfindən böyük maraqla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, Azərtac-ın müxbiri ilə təəssüratlarını bölüşən Faiq Əhməd bu sərginin təşkili ideyasının “Montoro 12 Contemporary Art” qalereyası tərəfindən irəli sürüldüyünü deyib. Vurğulayıb ki, incəsənətin önəmli mərkəzlərindən hesab olunan İtaliyada belə bir sərginin açılması əlamətdar hadisədir. İtaliyalı incəsənət həvəskarlarının bu sərgi haqqında fikirlərini böyük həyəcanla gözlədiyini qeyd edən rəssam gələcəkdə bu ölkədə daha irimiqyaslı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Faiq Əhmədin əsərləri indiyədək bir çox beynəlxalq incəsənət mərkəzlərində, o cümlədən Nyu-York, Paris, London, Berlin, Dubay, Moskva və Honkonqda sərgilənib. Rəssam 2007-ci ildən başlayaraq milli ənənələrin rəmzi olan əllə toxunmuş Yaxın Şərq xalılarının klassik model və dizaynlarını dekonstruksiya etməklə heyranedici vizual şedevrlər yaradıb. Bu əsərlər silsiləsi dünyanın müxtəlif ölkələrində də böyük maraqla qarşılanıb.