Bu gün Səbail rayon məhkəməsində "Azadlıq" qəzetinin həbsdə olan yayım direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Aytən Əliyevanın icraatında olan prosesdə baxış iclası davam etdirilib.
Ötən məhkəmə iclasında dövlət ittihamçısı vəsatət verərək məhkəməyə gəlməkdən imtina edən şahidlərin ifadələrinin elan edilməsini və bununla kifayətlənməyi təklif etmişdi.
Prokurorun həmin təklifinə bugünki iclasda Faiq Əmirlinin vəkili Fəxrəddin Mehdiyev etiraz edib. O, ittiham tərəfinin bütün şahidlərinin məhkəmədə dindirilməsinə təkid edib: "Şahidlərin bir qismi dindiriləndə gördük ki, onların ifadələri bizim xeyrimizədir. Ona görə də biz bütün şahidlərin dindirilməsində israrlıyıq".
Hakim prokurorun vəsatətini rədd edib.
İclasda şahid Rəna Əfəndiyeva ifadə verib. O, sənəd itkisi ilə bağlı "Azadlıq" qəzetinə elan verib və bu elana görə cəmi 2 manat pul ödədiyini deyib. R.Əfəndiyeva Faiq Əmirlini tanımadığını bildirib.
Məhkəmə prosesi iyulun 10-da davam etdiriləcək.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər