Nənəmin dəfniydi. Atamgil, evi yaxın olduğu üçün molla Vəlini gətirmişdilər... Az keçmiş molla Vəli qıpqırmızı qızarmış, pərt vəziyyətdə geri qayıdacaqdı...
Molla Vəli tək bəxt açıb, bəxt bağlamaqla, “qara qüvvələri” yox etməklə məşğul deyildi. Eyni zamanda mollalıq da edir, ölü götürürdü. Ona bu imtiyazları yerli əhali qazandırmışdı. İnanmışdılar ona. Bəh-bəhlə gətirib bu səviyyəyə çatdırmışdılar. Evi, maşını, banklarda pulu... Hər şeyi vardı.
Qoyun-quzu gətirirdilər ona, toyuq-cücə gətirirdilər, qızıl bağışlayırdılar. Dələduzluq yolu ilə aldığı qoyun-quzunu artırıb bir ferma da düzəltmişdi. Lombard işlədirdi.
Ondan bir az əvvələ kimi toylarda tamadalıq edirdi molla Vəli. Görüb ki, camaat əl altdan baxıcı, cadugər axtarır, keçib bu məşğuliyyətə. Tutub adamların “zəif damarını”.
Bu cür fırıldaqla camaatın pulunu mənimsədiyinə görə babam onu rüsvay edib məclisdən qovdu. Ondan sonra bağlandı molla Vəlinin “bazarı”. Babam dəfnə gələnlərə üz tutub bu fırıldaqçıya inanmamağı tapşırdı... Dedi, vaxt gələr, mənə ya rəhmət oxuyarsız, ya da lənət.
Qısa müddət ərzində ictimai qınaq öz təsirini göstərdi. Molla Vəli iqnor olundu.
Babam mədrəsə təhsili almışdı. Quranı əzbər bilirdi. Ondan bir az əvvəl Vəlinin Quran oxuyarkən səhvə yol verdiyini görübmüş. O vaxta kimi molla Vəlini məclisinin başında əyləşdirənlər o hadisədən sonra ona heç salam da vermədilər...
Babam rəhmət qazandı...
***
Fırıldaqçılıqla məşğul olub xalqın pulunu talayanların həbs xəbəri sevinclə qarşılanır... İstər korrupsiya, rüşvət olsun, istərsə də falçılıq. Ölkə əhalisinin qulağı daim sasdədi ki, ciblərinə girən hansı rüşvətxor, korrupsioner və ya falçı, baxıcı həbs olunacaq.
Bugünlər sosial mediada daha bir xəbər dolaşdı. Baxıcı, falçı kimi tanınan biri çoxsaylı şikayətlər əsasında həbs olunmuşdu.
Fırıldaqçı falçıları, cadugərləri, baxıcıları bir mənafe birləşdirir: insanların inamını qazanıb asan yolla pul yığmaq.
Görəsən, dünyanın inkişaf etmiş, sivilizasiyalı hansı xalqı “Fala inanma, faldan da qalma” kimi deyimlərə istinad edir?
Yəni falçıya inanmaqla sivil cəmiyyət qurmaq mümkündümü?
Dərviş Məstəli şahlar Axundovun dövründə qalmadı, bu günə də gəlib çıxdı. Şəhrəbanular, Şərəfnisələr onları yaşatdı. Deməli, problem tək Məstəlidə yox, həm də Şəhrəbanuda, Şərəfnisədədi. Gözəyarı statistika ikincilərin daha çox olduğunu deyir.
Belələrinə pul qazandıran da onlardı, şikayət edib həbs etdirənlər də.
Gərək aldansınlar ki, ayılsınlar.
Aldanmadan ayılmaq olmur ki?..
Son xəbərlər
Son Xəbərlər