Falçı Bayramı sevənlər...

falci-bayrami-sevenler
Oxunma sayı: 3938

Raminə Eyvazqızı

Xalqımızın “qara bayram” adlı bir adəti var. Yaxın, doğmalardan rəhmətə getmişlərin ölümünün üstünə gələn bayramı və ya ölüsünün ili yenicə çıxmışlar belə mərasim keçirirlər. Hələ də bunun haradan gəlib, niyə edildiyi üstündə mübahisələr kəsmir. Bayramın “qara” rəngini verənlər  haqqında söz-söhbət səngimir. Sağlığında qiymət verilməyən üçün keçirilən “qara bayram”ın hansı “səmimiyyət”dən doğduğunu heç anlamıram. Amma   hörmət və ehtiramla yanaşıram. Ölüm-dirim məsələlərində kimsəni qınamaq və kimsənin acısına hörmətsizlik etmək olmaz, bu öz yerində.

Televiziya kanallarının çoxunun bizə tutduğu divanı unudası deyilik. TV-nin bugünkü vəziyyəti rəhmətə gedəndə yəqin ki, heç onun yasını, qara bayramını da keçirmərik.  Baxmayaraq ki, o sevincli, ideal tv arzularımızı hələ də utopik xəyallarımızla sərhədləmişik. Ən pisi də odur ki, illər sonra  bugünkü telejurnalistika tariximiz üçün nə söz tapıb danışacağıq, baxın onu bilmirəm. Xaosmu, yardıcılıq düşmənçiliyimi, tamaşaçını kor qoyan dövrmü?

Deyəcəyik, tv-yə baxmırdıq? Necə baxmırdıq axı. Məgər elə “baxmıram”  deyənlərin hesabına hırıltı, lağlağı, bayağı verlişlərin sayı çoxalmır ki? İnsan həyatlarını şouya çevirənlərin, “səndən yoxdur” tərifi ilə aldadılaraq pulu alınıb  tv ekranına gətirənlərin həzin aqubətlərini gözləyirəm. Qarğış deyil əsla. Arzulamaq haqqımdan istifadə edirəm. 

Görün, bu tv kanalların (çoxusu) necə həddlərini aşıblar ki, rəhbərləri “əziz xalqım” söz birləşməsi ilə başlayan nitqdə pərgardırlar, amma şəhid ailələrinin şikayətinə baxmağa, vətənpərvərliyə, ciddi problemlərə həsr olunmuş tədbirlərə pulla çəkiliş qrupu göndərirlər. Hətta tədbir üçün də yox, orada hansısa müsahibəyə sərf edən adamın xatirinə dəvəti qəbul edirlər. Siz bu bazara telejurnalistika deyirsiz? TV verilişdə Rövşanəni qışqırtmaq, yersiz, urvatsız danışdırmaq, Zaurun birinə küçə leksikonu ilə veriliş aparmaq, o birisinə məişət problemlərini boş bəzəmək missiyasını verənlər, niyə gözə dəymirsiz?  Xoşqədəm kimi işinin ağırlığı ilə daim deyinən reklam alıcısının verilişinin falçılarından qorxursuz? Olmaya, o falçılar elə bir cadu edər ki, TV dönər olar bizim dediyimiz televiziyadan. Çox tragikomikdir. 

Rusiya tv-lərinin də ekstrasenslərlə bağlı verilişləri var. Amma niyə adam onlara qıcıqlanmır. Onlar da hansısa ailənin dərdinə çarə tapır guya. Rusların səviyyəli şou etmək, falçı ilə tamaşaçı toplamaq bacarığından belə kəmsiz, vallah.

Bayram kimi sütül falçının reklamı nəyə xidmət edir? Oğlana qalsa, ekranlardan onu yığışdıran ailəsi yoxdur, ya da məşhurluq sevdası gözlərini kor edib. Başını buraxıblar, nə olar olar. Onun havadarlarını bu qədərmi sevirsiz, hörmətli tv rəhbərləri? İnsanların anormal davranışlarından, düşüncəsiz danışığından qazandığınız pulu yaxşı xərcləyə bilirsizmi?

Teleməkanda insanlardan kloun kimi istifadə etmək azarı hökm sürür.  Maralı, Elzası, Bayramı.... Kimin verilişi ölmək üzrə olan kimi, bu insanları çağırmaqla çörəkpulu qazanırlar. Bu nə çörəkdirsə, Allah bilir.

Bayramın PR-ı üçün  ekranın zəbt edilməsinə göz yumanlar, elə hind filmi ilə efir vaxtını dolduran kəsdən heç də fərqlənmirlər. Bir ölkədə ki telekanal rəhbəri rejissor ola, amma verilişlərinin viloqerlər qədər çəkiliş səviyyəsi olmaya, orada tv dərdlərinə ah çəkməyə dəyməz. Kino sənətini də zəlil qoyanların işləridir bu. Qəsdən audiovizual sənətə qənim kəsilənlər var, onlar məqsədli şəkildə peşəkarların başına corab hörürlər, özlərinin iyverən senzuralarını yaradıblar. Yaşlı sənətkarları küsdürüblər, Bayram qədər hörməti demirəm, adamların simasını əsəbdən belə tanınmaz hala gətiriblər. O sənətkar, qaymaq zümrəsi bir də çətin ola. Axı nə vaxta qədər ağılsızdan ağıl, faişədən əxlaq, ailəsi olmayandan ailə, sənəti olmayandan şedevr, tərbiyəsizdən əsil-nəcabət dərsləri dinləyəcəyik? Xalq artisti Rasim Balayev də az əvvəl belə suallar vermişdi. Deyəsən, hələ cavabını tapmağa belə cəhd edəni yoxdur. 

Təəssüf ki, Teleradio Şurası da dinmir. Ya eynəkləri tozlanıb, ya da yeni eynək almağa pulları yoxdur. Bu qədər rüsvayçı videoverilişləri, soyunub çıxmış , davranışı bəlli olmayan, dedikləri ilə insanları manipulyasiya edənləri görməzlikdən gəlmək  tv tamaşaçısına edilən ən böyük ədalətsizlik  və hörmətsizlikdir!

Şuraya sual verəndə də, “özəl tv kanalının proqram siyasətinə qarışmırıq”, deyirlər. Yaxşı bəs, siz niyə varsız ?