“Falçı mənə sarı su içirirdi, nə pulum var idi ona verirdim”

“Falçı mənə sarı su içirirdi, nə pulum var idi ona verirdim”
Oxunma sayı: 2372

Falçılıqla məşğul olan və dələduzluqda təqsirləndirilən Lalə İbrahimova və oğlu, “cindar Hüseyn” kimi tanınan 25 yaşlı Hüseyn Əlizadənin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş Rübaba Ağayeva ifadə verib. O deyib ki, ustalar həyətlərində iş görən zaman bükülü nəsə tapıblar və onun nə olduğunu bilmək üçün falçı Hüseynin yanına gedib: “Məndən düyünü açmaq üçün 3500 manat aldı, sonra həyətə gətirib bir yeri qazdırdılar. Qazılan yerdən heç nə çıxmadı. Amma kənara atılan torpaqların içindən guya, nəsə tapdılar, mən də inandım. Sonra dedilər ki, evimizdə, pulumuzda ağırlıq var, onları verməliyəm ki, cinlər ağırlığı götürsün. 

Məni elə ələ almışdılar ki, özümü idarə edə bilmirdim. Sarı su verirdilər, içirdim, bədənimə ərəb hərflərilə nələrsə yazırdılar. Nə istəyirdilər, onu da eləyirdim. Evdə nəyim var, hamısını yığıb verirdim. Qızılları da guya, təmizləyib qaytaracaqdı. Manat qurtaranda onlara dedim ki, başqa pul olar? Dedi ki, xarici pul lap yaxşıdır, cinlər bizim puldansa, xarici pulları, dolları yaxşı tanıyır, daha rahat təmizləyir. Pulların bir hissəsini təmizləmək üçün vermişəm, bir hissəsini isə caduları çıxarmaq üçün alıb. 

Bütün bunları həyat yoldaşımdan gizli edirdim. Bir dəfə ərim ev almaq üçün pulu götürmək istəyəndə gördü pul yoxdur. Mən də hər şeyi ona danışdım. Bu adamlar məni qorxudurdular ki, filan şeyi eləməsən, nəvən, oğlun ölə bilər. Elə vəziyyətdə idim ki, canımı istəsəydilər, canımı da verərdim”. 

R.Ağayevanın həyat yoldaşı “Azinko” şirkətinin Audit Departamentinin rəhbəridir. Təqsirləndirilən şəxslər isə Mərkəzi Univermaqda həm də qızıl satışıyla məşğul olublar. 

Bu iş üzrə 13 zərərçəkənə, ümumilikdə 600 min manat ziyan dəyib. Təkcə R.Ağayevadan cadu çıxarmaq, mal-mülkü təmizləməkdən ötrü 216 min 850 manatlıq pul (57 min dollar, 15 min funt-sterlinq) və 600 qram qızıl alıblar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi