“Falçılıq həmişə parlamentin müzakirəsində olub”

falciliq-hemise-parlamentin-muzakiresinde-olub
Oxunma sayı: 1157


Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.

Deputat hesab edir ki, televiziyaların bir nömrəli mövzusuna çevrilən cadügərliyin qarşısını almaq mümkün deyil:

“Cadügərliklə bağlı bəlkə də ən az verilişlər bizim televiziya kanallarında gedir. Həyatda da cadu, fal var. Həyatda varsa, bu televiziyaya, mətbuata gəlməlidir. Burada söhbət cadugərliyin təbliğ olunmasından getmir. Əgər bir televiziya təbliğat aparırsa, bir cadügəri də efirə çıxarırsa ki, gəlin bu adam hər şeyi həll edə bilir və nə dərdiniz var gəlin həll etsin, bu, ümumi televiziya, veriliş, mətbuat siyasəti, metedologiyası baxımından doğru deyil. Amma biz bilirik ki, bu gün dünyanın hər yerində,o cümlədən, Azərbaycanda da müəyyən bizim görə bilmədiklərimizi görən insanlar var. Bu insanlar bəzən xidmət edirlər qara magiyaya, yəni psixoloji gərginlik yaradırlar. Amma elələri də var ki, onlar loğman, həkimdirlər”.

N.Cəfərov qeyd edib ki, televiziyalardakı cadu məsələsinə analitik baxmaq lazımdır. “Əgər kor-koranə cadügəri reklam edirsə, bu, olmaz. Həyatda falçılarla hər addımda qarşılaşırıq. Belə şeylərdən imtina etmək, kənara çəkilmək, onu görməməzliyə vurmaq və onu mətbuatda gizləmək, yaxud da ki, mətbuata qanunla qadağan etmək ki, bu məsələlərə müraciət etməyin, bu, alınası iş deyil. Bu, demokratiyaya da ziddir. Belə verilişləri qadağan etmək olmaz, sadəcə, bu verilişlər reklam olunmamalıdır”, - deyə komitə sədri vurğulayıb.

Qeyd edək ki, Rusiya telekanallarda və internetdə yayımlanan magiya ilə bağlı proqramlara qadağa qoya bilər. Bununla əlaqədar hazırlanan qanun layihəsi artıq Rusiya Dumasına təqdim olunub. Qanun layihəsində, həmçinin astroloji proqnozlar verən, fal, cadu, ruh çağırmaq seansları və insanların ruhi sağlamlığına mənfi təsir edən bu kimi proqramların gündüz saatlarında efirə verilməsinin və reklamının qadağan olunması nəzərdə tutulur. Layihədə bildirilir ki, bu cür verilişlər yalnız saat 23:00 və 04:00 saatları arasında efirə verilə bilər.