Fariz Nəcəfovdan qələbə şərhi

fariz-necefovdan-qelebe-serhi
Oxunma sayı: 1240

"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutan "Qəbələ" - MTK matçından sonra (2:0) jurnalistlərin suallarını cavablandırıb.

Qafqazinfo” həmin sual-cavabı təqdim edir:

- Futbolçular oyuna yüksək əhval - ruhiyyə ilə çıxmışdılar. Tapşırmışdıq ki, boşalma olmasın. Çünki ilk oyunda qələbə qazanmışdıq. Uşaqlar məsuliyyətli oynadı, inamlı qələbə qazandıq.

- Oyun darıxdırıcı olmadı ki?

- Darıxdırıcı olsun, təki mərhələ keçək.

- Fariz bəy, komanda güclənəcək ?

- Yəqin ki, məlumatınız var, daha bir oyunçu gəlməlidir - Marsel Essombe. Viza məsələsi həll olunsun, gəlib tibbi baxışdan keçəcək. Bundan sonra başqa oyunçu olmayacaq.

- Yolunu gözlədiyiniz kamerunlu oyunçu ilə neçə illik müqavilə bağlayacaqsız?

- İki illik.

- Həmin futbolçu Dabo ilə bir komandada oynayıb. Transferdə bu amilin rolu olub?

- Dabo ilə bir neçə dəfə telefonla danışıblar, klub haqda ona məlumat verib.

- Ruminiya mətbuatının yazdığına görə, həmin Essombe "Astra"ya keçməli imiş. Klubdan bildirirlər ki, onları aldadıb, "Qəbələ"yə gəlib. Bundan xəbəriniz varmı?

- Transfer işi ilə menecerlər məşğul olur, futbolçu yox. Futbolçunu bir neçə yerə təklif edə bilərlər. Nəticədə belə hallar yaşana bilər.

- Bəlkə maddi amil onu fikrini dəyişməyə vadar edib?

- Yüksək məbləğ yoxdur. Bizim təklif etdiyimiz pul Rumıniya klubunun verdiyindən çox deyil.

- Ötən il bu vaxt "Apollon"u gözləyirdik. İndi isə “Lill” gəlməlidir. O vaxtki əhval - ruhiyyə ilə indiki arasında fərq var?

- Biz keçən il göstərdik ki, əziyyət çəkəndə Allah bəhrəsini verir. Keçilməz sədd yoxdur. Şans varsa, ondan bərk yapışmaq lazımdır.

- Yeni gələn legioner futbolçularınız haqda nə deyə bilərsiniz ?

- Mən çox bəyəndim. Gözlədiyimdən də yaxşıdılar.

- Uiks Dodonu unutdurubmu?

- Yox. Dodo fərqli idi. Dodonu unutmaq üçün xeyli zaman lazımdır. Onun "Panatinaikos"a vurduğu qollar dəhşət bir şey idi.

- Klub prezidenti oyuna gəlmişdi ?

- Xeyir. Ölkə xaricində olduğu üçün gələ bilməmişdi. Amma Macarıstandakı oyuna gəlmişdi.

- Komandanın yenilənmiş heyət və azaldılmış büdcə ilə iki mərhələ keçəcəyini gözləyirdiz?

- Xeyir. Rəqiblər bəlli deyildi. Gücümüz nəyə çatırsa, onu meydanda qoymağa çalışırıq.

- "Qəbələ" çempionatda limit məsələsinə görə bu heyətlə oynaya bilməyəcək. Bu amil komandanın çıxışına nə dərəcədə təsir edər?

- Biz keçən il bunu yaşadıq. Heyətimizdəki yerli oyunçuların çoxu gənclər idi, ola bilər ki, problem yaşayaq.

- Antonov cibi dolu getdi, yoxsa qarşılıqlı razılaşma əsasında ?

- Məbləği deyə bilmərəm, amma təzminat ödədik.

- Antonovun "Qəbələ"yə ziyanı dəydi yoxsa, xeyiri ?

- Ötən mövsüm Avroliqada qrup mərhələsinə vəsiqə qazandıq. Bunda onun da əməyi vardı.