Dahi şairimiz və mütəfəkkirimiz Nizami Gəncəvinin Vətəni Gəncə şəhərinə dövlət başçısı kimi 18-ci səfərini edən Prezident İlham Əliyev yenidən lazımi ünvanlara mühüm mesajlar verdi.
İkinci Qarabağ müharibəsində və ondan sonra apardığımız siyasi və diplomatik mübarizədə erməni faşizminə ölümcül zərbə vuran Prezident bu prosesi davam etdirdi. Ermənistanın biabırçı və faciəvi məğlubiyyətindən sonra Prezident İlham Əliyevin addımlarını və çıxışlarını çox diqqətlə izləyən məğlub ölkəyə, dünya erməniliyinə və regionda ciddi maraqları olan beynəlxalq ictimaiyyətə ilk mesaj dövlət başçısının müsahibə verdiyi məkanın seçimi ilə oldu. Ermənilərlə yanaşı, onların sivil, mədəni, sülhpərvər və əzilən xalq olmaları ilə bağlı miflərin müdafiəçilərinə növbəti göz dağı olan Gəncədəki erməni vəhşiliyinin daha bir əsərinin fonunda müsahibənin verilməsi özü ciddi və uğurlu mesaj oldu. Regionun ən qədim, mədəni və böyük şəhərlərindən biri olan Gəncəyə qarşı erməni vəhşiliyi bir daha keçmiş münaqişə ilə bağlı mənzərəyə lazımi qiymətin verilməsini asanlaşdırır. Keçmiş Qarabağ münaqişəsinin həll nöqtəsini qoyan 44 günlük İkinci Qarabağ müharibəsində kimin haqlı, kimin isə haqsız mübarizə apardığını gün kimi aydınlaşdıran məqamlardan biri də son Gəncə hadisələri oldu.
Azərbaycanın artıq tarixin arxivinə göndərdiyi Qarabağ münaqişəsinə ədalətli qiymət vermək imkanını ortaya qoyan mötəbər sübutlardan biri kimi Gəncədəki Memorial Kompleksin təməlinin qoyulması postmünaqişə dövrünün ən önəmli və uğurlu hadisələrindən biri oldu. Həmin mərasimdə növbəti dəfə geniş müsahibə verən ölkə başçısı yenidən daha çox sülhpərvər bir lider kimi fərqləndi. Dövlətimizin daxili siyasətinin mühüm çalarlarına toxunan Prezident ölkənin hər nöqtəsinin, o cümlədən də, ikinci ən böyük şəhərimizin önəmini vurğuladı. Hakimiyyətdə olduğu illərdə 18 dəfə Gəncəyə səfər etməsini və hər səfərində də çoxsaylı dövlət əhəmiyyətli açılışlarını vurğulamaqla ölkə rəhbəri əslində tarixi şəhərimizin önəmini bir daha önə çəkdi.
Dahi Nizaminin Vətəni olan Gəncənin siyasi, iqtisadi, mədəni və tarixi əhəmiyyətini əks etdirən mühüm məqamlara məntiqli və dolğun şəkildə toxunmaqla onun təkcə ölkə üçün deyil, həm də region üçün nə qədər vacib bir şəhər olduğu qeyd olundu. Ümumilikdə Azərbaycanın mühüm tərkib hissəsi olduğu şimal-cənub, şərq-qərb və şimal-qərb nəqliyyat dəhlizlərinin və geniş iqtisadi layihələrin reallaşdlrılmasında Gəncəmizin danılmaz roluna bir daha toxunuldu. Prezident İlham Əliyev həm də, Azərbaycan üçün ən aktual və prioritet məsələlərdən olan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdışın reallaşdırılması baxımından da Gəncənin üzərinə düşən missiyadan bəhs etdi.
Erməni vəhşiliyi və barbarlığı nəticəsində tükürpədən qaranlığa qərq edilmiş Qarabağ və ətraf rayonlar üçün günəş və mayak rolunu oynayacaq Gəncənin ölkəmiz üçün bundan sonra da daha böyük işlər görəcəyi məlum oldu. Prezident İlham Əliyevin Gəncəyə səfəri, orada etdiyi açılışlar və səsləndirdiyi fikirlər bir daha ikinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra Azərbaycanın həm daxili, həm də xarici siyasətinəki uğurlu addımları ilə regionda sülhün, təhlükəsizliyin, sabitliyin və dayanıqlı inkişafın təmin olunacağı reallıqlara doğru sürətlə addımladığını bir daha sübut edir. Baş verən proseslər həm də onu təsdiqləyir ki, Azərbaycan haqlı və güclü olduğu kimi, həm də ən düzgün yolla irəliləməkdədir və bizi bu düzgün yoldan heç kim və ya heç nə döndərə bilməz!
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov