Fatmanın oğlunun papağı...

fatmanin-oglunun-papagi
Oxunma sayı: 1442


Ağaclar çiçəklədi, hava isindi.

Bu qışdan da sağ-salamat çıxdığımıza sevindik...

Təbiətin ən əziz qonağını qarşıladıq.

Bahar gəldi.

Bayram sona çatdı...

Sevincimizin kədərdə necə əridiyini bilsəydi, gəlməzdi bahar...

***

Təamlar yavaş-yavaş çəkildi süfrəmizdən.

Boyat plovumuz, şəkərbura, paxlavamız da tükəndi artıq.

Xonçadakı şirnilər azaldıqca acılarımız artdı.

Televizordan Kosanın ayağı çəkildikcə ehtiyac başladı ürəyimizi ayaqlamağa.

Telefon, səsini uddu.

Borcları hesablamaq vaxtıdı.

***

Hər bayramımız beləcə sevinc qarışıq kədərlə keçir.

Bir-birimizə qoşulub sevinir, öz içimizə çəkilib kədərlənirik.

Qayğılı-qayğılı gəzirik şəhərin küçələrində.

Novruz endirimlərinin yazıldığı vitrinlərin önündən laqeydcəsinə keçirik.

Bayramları bayram kimi yaşaya bilmirik, ruhumuzda hiss etmirik.

Yeknəsəq günlərimiz başlayır bayramın ardından.

***

Cavanşir küçəsində yaşayanda Fatma adlı qonşumuz vardı.

Fevral ayının ilk çərşənbə axşamından başlayaraq mart ayı bitənə kimi oğlu papaq atırdı.

Apreldən növbəti fevrala qədər Fatma, utana-utana ərki çatan qonşulara gah qəndə gəlirdi, gah çörəyə, gah da yağa...

Novruzu səbrsizliklə gözləyirdilər...

Hardan yadıma düşdü Fatma?

Elə gözəl unutmuşdum ki...