Fazil Məmmədov kollegiya iclası keçirdi

fazil-memmedov-kollegiya-iclasi-kecirdi
Oxunma sayı: 3123

Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən vergilər naziri Fazil Məmmədov dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi istiqamətində son aylar vergi orqanları tərəfindən görülən işlər barədə danışıb. Nazir bildirilib ki, vergi ödəyicilərinin iqtisadi fəaliyyət göstəricilərinin yaxşılaşması vergi daxilolmalarının təmin edilməsinə müsbət təsir göstərir. 

Vergilər naziri iqtisadi fəallığın artmasını xüsusi vurğulayaraq bildirib ki, 2017-ci ilin ilk 10 ayı ərzində 134 566 yeni vergi ödəyicisi (o cümlədən, 9 864 hüquqi, 124 702 fiziki şəxs) qeydiyyatdan keçib. Müvafiq dövr ərzində yüksək dövriyyəyə malik 3 189 ƏDV ödəyicisi (2 359 hüquqi şəxs, 830 fiziki şəxs) qeydiyyata alınıb. Ümumilikdə cari ilin 10 ayı ərzində qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayı fəaliyyətini dayandırmış və ləğv edilmiş vergi ödəyicilərinin sayından 18 028 sayda çox olub ki, bu da ümumilikdə iqtisadi dövriyyənin artmasına dəlalət edir.  

F.Məmmədov qeyd edib ki, əldə olunan müsbət nəticələrə baxmayaraq, vergi orqanları 2017-ci ilin büdcə proqnozlarının tam həcmdə yerinə yetirilməsi və büdcə gəlirlərinin artırılmasının davamlılığının və sabitliyinin təmin olunması üçün mövcud vergi potensialından maksimum yararlanmalı, vergi nəzarətinin təmin edilməsi sahəsində işləri daha intensiv və səmərəli aparılmalıdır. Görülən işlərin davamı olaraq real vergi potensialının düzgün müəyyən edilməsi istiqamətində vergi qanunvericiliyinin təkmilləşdirilməsi əsas prioritet kimi nəzərdə tutulur.

Gündəlikdə duran məsələlərlə bağlı, eləcə də hər bir struktur vahidi üzrə nəzərdə tutulan konkret vəzifələr barədə kollegiyada ətraflı müzakirə aparılıb. 

F. Məmmədov cari ilin sonunadək Vergilər Nazirliyinin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının qarşıya qoyulmuş vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlarını verib.