“Naxçıvanda Fəlakət”... “Fəlakət Naxçıvanda”... yox-yox, “Naxçıvanın Fəlakəti“ və.s və.i. İnanın bir saatdı oturub kompüterin başında beləcə avaralanıram. Fəlakətlə Naxçıvanın arasında girinc olmuşam. Yazının başlığını heç cürə müəyyənləşdirə bilmirəm.
Hə, məhs başlığı. Əsas başlıqdı axı. Ozünüz də məndən yaxşı bilirsiz ki, yazının taleyini başlığı həll edir. Mətni, məğzi boş şeydi. Bütün gücünü yazının başlıq seçiminə ver, oxunma sayına, yayımlanacaq saytın İP-sinə hesabla, vəssalam! Sonra get yazıboyu havadan-sudan ağlına, ağzına, əlinə nə gəldi sayıqla getsin. Artıq bu taktikanı (oyunbazlığı) bilməyən çox az adam var. Ona görə də “olayı” çözən hər kəs sarılıb qələmə. Yazıq olub-qalan oxucu, məqaləni oxuyur, baxıb görür heçə nə yoxdu, ama ortada üç-beş nəfər tərəfindən tanınmaq, beş-altı manat pul söhbəti var. Və haqlı olaraq da fikirləşir ki, yazmaq bu qədər bəsitdirsə, mən niyə yazmayım?! O əjdahadan bizdə niyə yoxdu misali. Və beləcə mediada yerindən duran-durmayan yazı yazır. Bu yazı (q) çılıq tendensiyasını ötən il elədiyim bir ədəbi layihə zamanı gördüm. Deməli, layihədə tanınmış yazarların yaradıcılığı barədə oxucuları arasında polemika açmaqla Azərbaycan oxucusunun mütaliə səviyyəsini müəyyənləşdirmək istədik. Aktiv oxucuları müəyyənləşdirməkçün onlarla yazarı arayıb bir neçə favorit oxucusunun adını soruşduq. Əlim qaldı dizimdə. Ədəbi ağsaqqallarla ağbirçəklər bir-iki jurnalist və yazardan başqa sıradan bir oxucu tapıb verə bilmədilər bizə. Məlum oldu ki, bütün oxucuları yazardı. Ona görə də ortada tutuquşu ədəbiyyatı yaranır. Yeni heç nə yoxdu bizdə. Ən yaxşı halda oxucu öz yazarını uğurla imitasiya edir.
Bu günlərdə bir ədəbiyyat dərgisində çalışan dostumdan soruşdum: - Niyə saytınız propaqandadan əl çəkib oxucularının intellektual səviyyəsinə xitab etmir?
Cavabı belə oldu: Bizim sahənin adı üzərindədi.
”Kütləvi İnformasiya Vasitələri”
İndi guya bu özünə bəraətdi də hə? KİV-in işi kütləni formalaşdırmaqdı, day kütləni bir az da küt-ləşdirmək deyil axı, dedim.
Qayıdaq başqa Fəlakətimizə. Bir neçə gün mediada “Prezident Fəlakətə ev verdi-vermədi?!” başlıqlı xəbərlər gündəmi zəbt elədi. Bu xəbər ona görə günlərlə gündəmdə qaldı ki, Fəlakət bəy bu dezinformasiyanı özü haqqında PR hesab etdiyi üçün onu arayıb xəbəri dəqiqləşdirmək istəyən mediaya doğru-dürüst cavab vermirdi.
Deməli, onlar da söhbəti tutub. Elə xalqı yaxşı tanıdıqları üçün uğur qazanmayıblarmı? Onlar biliblər ki, bu xalqın Fəlakətinə çevrilmək üçün ancaq “Bozbaş pictures”olmaq lazımdı. Və çevriliblər də.
O gün Naxçıvandaydım. Oğuzxanı da götürüb getdik kafeyə. Kafe “Təbriz Otel”in birinci mərtəbəsindədi. Gördüm otelin qarşısında, kafedə bir qələbəlik, bir izdiham var, gəl görəsən. Yaxın yeriyib, məsələnin səbəbini görəndə bilmədim gülüm ya ağlayım. Sən demə Fəlakət komandası ilə Naxçıvana təşrif buyurubmuş. Və elə bu oteldə qalır. Bizim sənətsevər Naxçıvan camaatı da bunu eşidib Şəmiylə şəkil çəkdirmək, imza almaq üçün növbəyə düzülməzmi?! Elə biri mənim oğlum. Şəmini görən kimi əlimi buraxıb götürüldü sənətkarın üstünə. Oğlumun “bozbaş pictures”sevdası yaralı yerimdi. Çünki tək başıma bu kütlə və enib kütlənin səviyyəsinə xidmət edən Kütləvi İnformasiya Vasitələrinin uşağım üzərindəki təsir gücünü tək başıma yox edəbiləcək qədər güclü deyiləm.
Sonda Prezidentin "Fəlakət"ə ev verməsi söhbətinin yanlış informasiya olduğuna üzülən Fəlakət və Fəlakətsevərlərə demək istəyirəm ki, əminəm ki, Fəlakətin “Bozbaşı” istər dövlət, istərsə də qədirbilən xalqımız tərəfindən layiqincə qiymətləndiriləcək. (qiymətləndirilir də) Evə gəlincə isə hesab etmirəm ki, Fəlakətin şəxsi evi yoxdu. Yoxdursa da belə, bunun üçün üzülməyə dəyməz. Bir az pafoslu səslənsə də deyəcəm, hamımızın evi Fəlakətin deyilmi?! KİV ona istədiyi vaxt istədiyi şitliklə xalqın evinə rahatlıqla girib-çıxmağa icazə verib. Fəlakətə ev lazım deyil, o bu xalqın evində və qəlbində istədiyi kimi, istədiyi qədər yaşaya bilər...