“Fələstin məsələsinin ədalətli həlli üçün...” - Elmar Məmmədyarov

felestin-meselesinin-edaletli-helli-ucun
Oxunma sayı: 1201

“Ermənistanı açıq şəkildə işğalçı kimi tanıyan BMT və onun Təhlükəsizlik Şurası və İƏT qətnamələri işğalçı ilə münasibətlərin inkişaf etdirilməsini istəyən bütün müsəlman ölkələrinə əsas mesaj olmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 45-ci sessiyasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin 20% -i, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal olunduğu, həmçinin təxminən bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyi təsdiq olunmuş faktdır:

“Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı tarixi, mədəni və dini abidələr qəddar şəkildə məhv edilmiş və təhqirə məruz qalmışdır. Ermənistanı açıq şəkildə işğalçı kimi tanıyan BMT və onun Təhlükəsizlik Şurası və İƏT qətnamələri işğalçı ilə münasibətlərin inkişaf etdirilməsini istəyən bütün müsəlman ölkələrinə əsas mesaj olmalıdır, çünki Ermənistanın işğalçı siyasəti yalnız Azərbaycanın dini və mədəni irsinə deyil, ümumiyyətlə İslamın tarixi və mədəni irsinə qarşı bir hücumdur”.

Nazir İsrail-Fələstin sərhədində baş verən qanlı qarşıdurmalar barədə də danışıb və bu hadisələrin Azərbaycanın dərin narahatlığına səbəb olduğunu deyib:

“Biz, üzv dövlətlər və İƏT, bu qarşıdurmaları dayandırmaq üçün mümkün qədər səy göstərməliyik. Əvvəllər olduğu kimi, Azərbaycan bu məsələyə öz töhfəsini verməyə hazır olduğunu bəyan edir və biz Fələstin məsələsinin ədalətli və davamlı həlli üçün həmrəyliyimizi və davamlı dəstəyimizi təsdiqləyirik. Azərbaycan Şərqi Əl-Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir”.