Fəlsəfə doktoru olmaq istəyənlərin nəzərinə

felsefe-doktoru-olmaq-isteyenlerin-nezerine
Oxunma sayı: 2434

Dövlət İmtahan Mərkəzi dissertantlıq yolu ilə “fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslərin xarici dil imtahanları ilə bağlı məlumat yayıb

“Qafqazinfo”nun xəbərinə görə, qurumdan bildirilib ki, xarici dildən qəbul və fəlsəfə doktoru imtahanlarına hazırlaşanlar imtahan verəcəkləri xarici dilin praktik qrammatikasına və leksikasına, yazılı və şifahi nitq normalarına aid akademik vəsaitlərdən, lüğətlərdən, beynəlxalq dil imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulmuş rəsmi nəşrlərdən və ali təhsil müəssisələrində işlədilən xarici dillər üzrə dərsliklərdən, həmçinin, dillərə aid lüğət profilindən, akademik sözlərin siyahısından və qrammatik profildən istifadə edə bilərlər.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq cari ildə qəbul proqramlarında və imtahanın strukturunda dəyişiklik edilməmişdir. Növbəti qəbul və fəlsəfə doktoru imtahanları zamanı danışma blokunun əlavə olunması ilə proqramlarda və imtahanın strukturunda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Yaxın günlərdə DİM-in internet saytında iddiaçılara və namizədlərə kömək məqsədilə xarici dillər, həmçinin, əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının yazı blokuna aid nümunəvi tapşırıqlar təqdim ediləcəkdir.

Xarici dillər üzrə fəlsəfə doktoru, həmçinin, əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına qeydiyyatın internet vasitəsilə 2021-ci il yanvarın 26‑dan fevralın 7‑dək aparılması nəzərdə tutulur. Xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarının 2021-ci ilin fevral ayında keçirilməsi planlaşdırılır.