Feminizmlə bağlı kitabın tərcüməsi tənqid olundu

feminizmle-bagli-kitabin-tercumesi-tenqid-olundu
Oxunma sayı: 7526

Məşhur feminist yazıçı Bell Huksun “Qanun” Nəşrlər Evində çap olunan “Feminizm hər kəs üçündür” kitabının tərcüməsi sosial şəbəkələrdə tənqid və müzakirələrə səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, əsərin dilinin anlaşılmaz olması, tərcümənin qeyri-peşəkar olması ilə bağlı iddialar səsləndirilir. Qeyd olunur ki, tərcüməçi əsəri türk dilindən tərcümə etməyə çalışıb və Türkiyə türkcəsindəki sözlərdə “e” saitlərini “ə” ilə əvəz etməklə kifayətlənib. Kitabın sosial şəbəkələrdə yayılan səhifələrində buna “eleştri” sözünün “ələşdiri”, “eğitim” sözünün “eyitim” kimi tərcümə olunması nümunə göstərilir. 

“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu tərcümələrlə bağlı gələn tənqidlərə münasibət bildirib. Sözügedən kitabın illər əvvəl çap olunduğunu diqqətə çatdıran naşir tərcüməni belə əsaslandırıb: “Bu kitab satışda yoxdur, çox illər əvvəl olub. Daha çox hədiyyə edilib. Kimsə alış çekini paylaşa bilməz. 

Ədəbiyyatda rəsmi dildən daha çox fikir əsasdır. Rəsmi dil dərsliklərə, dövlət yazışmalarına, qanun və normalara şamil edilir”.

Ş.Xuduoğlu həmçinin tərcümədə söhbətin nədən getdiyinin aydın olduğunu, kitabda xeyli faydalı məlumatların olduğunu qeyd edib. Naşir həmçinin bəzən yazıları redaktə ilə tam təmin edə bilmədiklərini, bəzən isə müəlliflərin özlərinin redaktədən imtina etdiklərini deyib: “Təbrizdə doğulur, farsca təhsil alır, Türkiyəyə gedib türkcə təhsilini davam edir, oradan daha yüksək təhsil üçün Avropaya üz tuturlar. Dünya elmlərinə yiyələnirlər, onların da deməyə fikirləri yaranır.  Təhsil aldıqları Türkiyə türkcəsi, yaxud ingilis dilində rahat yazırlar, müdafiə edirlər. Amma yenə də bəzi ürək sözləri var ki, onu məhz öz dillərində qələmə almaq istəyirlər.

Bir tərəfdən Türkiyə türkcəsi, Azərbaycan türkcəsi, digər tərəfdən Təbriz, Ərdəbil ləhcəsi qarışır bir-birinə. Onlar bizim türkcənin qrammatikasına bələd deyillər. Oxuduqları kitablar və müşahidələr nəticəsində yazı vərdişləri qazanıblar. Bunu gözəl başa düşürəm. Bəzən biz o yazıları redaktə ilə tam təmin edə bilmirik, bəzən isə özləri redaktədən imtina edirlər.

Bütün bunlara baxmayaraq, İrandan gələn heç bir yazıya yox demirəm və deməyəcəyəm. Onların dilinə irad tutub əl çalanlar daha dərin düşünə bilmirlər, daha uzağa baxa bilmirlər. Cənubdan nə qədər yazı, kitab gəlsə, hamısını nəşr edəcəyəm. 

Düzdür, yazı dili inkişaf etməyib, amma bu işi aparan fədakar insanlarımız az deyil. Hamısına hər cür dəstək vermək lazımdır. 

Onların yaradıcı fəaliyyətini gündəmə çevirmək, "bu nə dildə yazır?” demək etik deyil. Yadınızdadır, bir zamanlar qəzetlərin son səhifəsində yazılırdı, müəllifin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər. Düzdür, indi o cümləni hamı silib, amma biz hələ də həmin prinsipləri qoruyuruq”.

Məlumat üçün bildirək ki, “Feminizm hər kəs üçündür” kitabının hazırda satışda olan onlayn versiyasının 2015-ci ildə Türkan Urmulu adlı tərcüməçi tərəfindən Azərbaycan dilinə çevrildiyi qeyd olunub. 

Gülnar Əliyeva