Fərarinin həyat sevgisi...

ferarinin-heyat-sevgisi
Oxunma sayı: 6403

DJ Rusiya vətəndaşlarının qonşu dövlətlərin sərhəd keçid məntəqələrində sıxlıq yaratdığı xəbərini üçüncü dəfə təkrarlayanda maşının radiosunun düyməsini sıxıb saxladım, saxladım... Buraxdım: “Azadlıq... İstər acı olsun, istərsə şirin, yalnız o idi məni döyüşdən döyüşə aparan!”
 
Filmdə Babəkin bu sözlərlə başlayan alovlu inqilabı hamının yadındadır. “Yadındadır” sözü bu yerdə sıradandır, əslində bu ifadələri hər eşidəndə köksümüzün altında bir quş çırpınır. Bu quşun adı müəlliflərin istəyidir, gəlib ən gözəl yerimizə - ürəyimizin başına qonur, başlayır sümükdən qəfəsdə durmadan qanad çalmağa. 
 
Bəs, Babəkin oğlu?
 
- Sən anlamadın ki, bu dünyada bircə gün azad yaşamaq qırx il boyunduruq altında sürünməkdən daha üstündür.
 
- Mənə əzab verirsən...
 
Həmin səhnəni paylaşan əksər adamlar Babəkin oğlunun cavabını montajla kəsir. Kəsməsələr də, bu cavab adı “müəlliflərin istəyi” olan o quşun cəh-cəhində eşidilməz olur.
 
“Mənə əzab verirsən...”
 
Mənə həmişə əzab verən Babəkin oğlunun bu sözləri olub. 
 
Yox! 
 
Düşündüyünüz kimi deyil, mən də qafqazlıyam, tanrım damarlarımı qaynar qanla doldurduğu andan bu yana ikicə ritmə közərən qafqazlı: Assa!
Hər biriniz kimi emosiyalarım ucbatından dəfələrlə sıfırdan başlamışam. Tez-tez sıfırdan başlayanların 1-dən zəhləsi gedən kimi zəhləm gedib çılğınlıqla verdiyim qərarlardan. Ancaq hər dəfə həmin filmə baxanda Babəkin oğlunun faciəsi kələyimi kəsib.
 
“Mənə əzab verirsən...”
 
Rəhmətlik yazıçı dostum Mövlud Mövlud bir gün Səməd Vurğuna görə yarım saat ağladı və sonda dedi ki, Müşfiqin faciəsinin yanında  Səməd Vurğununku daha  ağırdır. 
 
“Müşfiq bir qərarla çılğıncasına qəhrəman oldu, Səməd bir ömür içindəki şairi susdura-susdura yaşadı və qübar gətirdi”. 
 
Bəli, Müşfiqi şairliyinə görə güllələdilər, Səmədə verilən cəza isə bu idi: o, Vurğunu güllələməli idi. 
 
Səmədin hər səhər yuxudan oyananda ilk işi Vurğunu güllələmək oldu; hər səhər, təkrar-təkrar... O, 50 yaşında çürüyüb torpaqdan başqa bir şey olmayacaq gövdəsini içindəki şairi hər gün güllələməklə yaşatdı.
 
Faciə budur!
 
Hələ də inana bilmirəm, əzizləri də daxil, o günə qədər Səməd Vurğuna görə kiminsə gözlərindən Azərbaycan torpağına həmincə səmimi göz yaşları tökülə.
“Mənə əzab verirsən...”
 
Bəlkə də Babək doğulan gecə göy üzü başdan-başa işıqlanmamışdı, ancaq Babəklər doğulanda, illah da hardasa güclü ildırımlar çaxır.
Babək yetişmir, doğulur.
 
Lakin Babəkin oğlu, sadəcə Babəkin oğludur və atası tuluğda zeytun yağı satan kişinin oğlu olan Babəkdən fərqli olaraq çiyinlərində zindan ağırlığında məsuliyyət var; o, Babəkin oğludur!
 
Film qurtarır, baxırsan ki, nə əlində qılınc var, nə baxışında düşməni diksindirəcək qığılcım. Qabağındakı plastik qabdakı kola da bayaqdan isinib. Pəncərəni açan kimi təmiz havadan əvvəl evə dolan maşın siqnalları isə səni birbaşa reallığın ortasına atır. 
 
Onda ayılırsan ki, sən bayaqdan “çıldırmış şairlərin” məhz çıldırdığı an düşündüklərinin qoynunda atılıb-düşürdün, yaratdıqları ab-havada nəfəs alırdın.
 
Müharibənin də, həyatın da, real üzləri tamam ayrıdır. Elə bilirsiz, “Babək” Bəzz qalasında daim ayaqlarını yerə döyə-döyə gəzib? 
 
Elə bilirsiz, elə həmişə xarizmasıyla Zərnisəni əridib, zavallı dul qadın da daim sinəsi qabara-qabara onun altında təngnəfəs olub? 
 
Əsla!
 
Babək də günlərlə, bəzən aylarla tozun içində bardaş qurub çöplə qarışqa yuvası qarışdırıb, yerə tüpürüb, bədgüman-bədgüman susub, kədərlə uzaqlara baxıb... 
 
Hələ onu da bilən yoxdur ki, Babəkləri doğan cəmiyyətlər daha xoşbəxtdir, yoxsa babəkoğullarını?
 
Qəbul olunmuş bir qənaət var: 
 
“İndiki avropalılar bir zamanlar heç kəsin yaşamadığı soyuq Avropa torpaqlarına kefindən gəlməyiblər, onlar uduza-uduza, məğlub ola-ola geri çəkilən adamların genlərinin davamçılarıdır. Udanlar Şərqdə qalıb, uduzanlar Qərbə çəkilib. Tam da bu səbəbdəndir ki, sonrakı əsrlərdə uduzanlar maddi dəyərlərə, udanlar mənəvi dəyərlərə tapınıb. Çünki uduzanlar “beşgünlük dünya”nı dava-dalaşsız, iddiasız yaşamağı üstün tutub. Bu ideyadan indiki Qərb inkişafı yaranıb. Şərq isə hələ fərdi birincilik başda olmaqla mənəvi ideyalar çoxluğunun sapını əldən buraxa bilmir”. 
 
Biz isə bu qənaətin sapını əldən buraxıb daha qədimə qayıdaq – Homo sapiyenslərə...
 
Homo sapiyenslər özünə lazım olanda filmlərdən rövnəqlənməyi bacaran, lazım olmayanda onu bir taxcaya yerləşdirib reallıqdan məntiqi qərar çıxaran canlılardır. 
 
Homo sapiyenslər yaxşı bilir ki, insan məğlub olanda filmə yox, geriyə çəkilir. Onlar meşədə dallarınca ayı düşsə şəlalədən tullanmayacaqlar. 
 
Çünki ayıdan qurtarmaq bəlkə də mümkündür, ancaq şəlalədən tullananların hamısının bu həyatda gördüyü son görüntü sudan pərdədir.
 
Kəramət Böyükçölün verilişlərdən birində dediyi sözü xatırlayıram:
 
“Biz şəhidin Vətən sevgisini alqışladığımız kimi, fərarinin də həyat sevgisini anlamağa çalışmalıyıq”.
 
Hər kəs qəhrəman doğulmur!
 
Radionun düyməsini yenidən sıxıb saxlayıram... saxlayıram... Buraxıram!
 
Sərdar Amin, xüsusi olaraq “Qafqazinfo” üçün.