Fərəc Quliyevin Avropa Parlamentinin üzvlərinə məktubu – mətn

ferec-quliyevin-avropa-parlamentinin-uzvlerine-mektubu-metn
Oxunma sayı: 670

Məlumat üçün deyim ki, Mən Azərbaycanda müxalifətdə olan Milli Dirçəliş Hərəkatı Partiyasının sədriyəm. Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi Avronestdə Azərbaycan nümayəndə heyətinin üzvüyəm. 1990-1995 – ci illərdə Milli Məclisin deputatı olmuşam və “Demokratik Blok” fraksiyasında Azərbaycan Xalq Cəbhəsini təmsil edərək Kommunist çoxluqla mübarizə aparmışam. Siqnator deputatam – 1991-ci ildə Müstəqillik Aktını hazırlayan üç nəfərdən biri və ona səs verənlərdənəm. Bu qısa arayışı nəzərinizə çatdırmaqla bildirmək istəyirəm ki, Mən imperiyanın da nə olduğunu, suverenliyin qazanılmasının necə çətin olmasını, köləliyin və azadlığın da nə olduğunu görmüş, kommunizmə və imperiyaya qarşı mübarizə apararaq meydanlardan Parlamentə, oradan yeddi illik həbsxanaya və yenidən həbsdən sonra Parlamentə qədər yol keçmiş biriyəm. Hesab edirəm ki, Siz də o fikirdəsiniz ki, Sovet imperiyasının çökdürülməsi işğalda olan Respublikaların ayrı-ayrılıqdakı xidməti deyildi. Bu nəticə həmin Respublikaların hamısının birgə fəaliyyəti və həmçinin bütün dünyanın deokratik ruhlu dövlət, təşkilatlar və fərdlərin birgə səylərinin nəticəsi idi. Bu gün postsovet məkanında olan bütün münaqişə ocaqları Sovet imperiyası tərəfindən basdırılmış “minalardır”. Bu “minaları” zərərsizləşdirmək də hamımızın işidir. Çünki mübarizə münaqişə ocaqlarında birbaşa iştirak edənlər arasında getmir. Əslində mübarizə, imperiya ambisiyaları ilə hələ də yaşayan Rusiya və demokratik dəyərlərin bütün dünyada üstün vəziyyətə gətirilməsində maraqlı olan, bütün dövlətlərin suverenlik və ərazi bütövlüyünə çalışan düşərgələr arasında gedir. Osetiya, Abxaziya maşaları ilə Gürcüstanın suverenliyi təhdid olunduğu kimi, bu gün Ermənistan maşası ilə Azərbaycanın suverenliyi təhdid edilir. Biz birlikdə imperiya ambisiyalarının revanşının qarşısını almağa borcluyuq. Çıxışınızın ruhundan da görünür ki, Siz dünyanın xilasını birgəyaşayış qaydalarına əməl olunmasında görürsünüz və bütün münaqişələrin o cümlədən Qarabağ probleminin həll olunmasında da obyektiv mövqe sərgiləyirsiniz. Mən Sizə bir daha təşəkkürlərimi bildirir, çox əziz qonaq kimi uyğun bildiyiniz zamanda Azərbaycana dəvət edirəm” .

Sayğılarla Fərəc İbrahim oğlu Quliyev.