Fərhad Əhmədovun şirkəti məhkəməyə verildi

ferhad-ehmedovun-sirketi-mehkemeye-verildi
Oxunma sayı: 6298

Milyarder işadamı Fərhad Əhmədova məxsus “Aznar” şirkəti barəsində məhkəmə iddiası qaldırılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Türkiyə şirkəti olan “Airland İklimlendirme ticraret” LTD tərəfindən “Aznar” barəsində Bakı Kommersiya Məhkəməsinə şikayət daxil olub.

İddiada qeyd edilib ki, “Aznar” sözügedən şirkətdən təsərrüfat üçün texnikalar alıb, lakin müqavilə üzrə ödənişlər olunmayıb. İşə hakim Aytən Əliyevanın sədrliyi ilə baxılır.

Qeyd edək ki, bir neçə gün öncə Fərhad Əhmədov Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılaraq dindirilib. Onun adı şəhid polkovnik Babək Səmidlinin ordudakı qanunsuzluqlarla bağlı səs yazısının yayılmasında hallanırdı.  Belə ki, biznesmen məlum səs yazısını qeydə aldığını etiraf etsə də, səsin kim tərəfindən yayıldığı bəlli deyil.

Məlumat üçün bildirək ki, F.Əhmədov "Aznar"ın Müşahidə Şurasının sədridir. “Forbes”in məlumatına görə, o, 1,7 milyard dollar sərvətlə rusiyalı milyarderlərin 2022-ci il üzrə reytinqində 49-cu pillədə yer alıb. 

Amin Nəzərli