Fərman icra edilir

ferman-icra-edilir
Oxunma sayı: 743

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş iki nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 şəxs isə cəzanın çəkilməmiş hissəsindən azad edilib. İslah işləri cəzasına məhkum edilmiş iki şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib. Cərimə cəzasına məhkum edilmiş 6 şəxs isə cəzadan azad edilib.

Əfv olunanlar arasında yetkinlik yaşına çatmayanlar və qadınlar da var. Bu, sayca 49-cu əfv sərəncamıdır.

Sərəncamın icrası prosesində ədliyyə naziri yanında İctimai Komitənin üzvləri, PX rəhbərliyi, Ombudsman və KİV-lərdən ibarət qruplar iştirak ediblər. Trend-in əməkdaşının olduğu Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyyə Müəssisəsində bir əfqan vətəndaşı buraxılıb. PX-in rəis müavini Hüseyn Əlixanov deyib ki, hazırda Azərbaycanda 32 nəfər yetinlik yaşına çatmayan məhbus var. Onun sözlərinə görə, bu, indiyə qədər ən az göstəricidir. "Əfv edilmə gənclər arasında cinayətkarlığın azaldılması və cinayətkarlığa meylli şəxslərin tərbiyəsinə müsbət təsir göstərir", - Əlixanov əlavə edib.

Əfv sərəncamının icrası zamanı Qadın Məhkumlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsində 3 qadın azadlığa buraxılıb. Əlixanov həmin müəssisədə çıxışı zamanı deyib ki, bu yaxınlarda 20-yə yaxın məhkum qadın məhkəmənin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb. Buraxılma zamanı müəssisə rəhbərliyi tərəfindən müəyyən sui-istifadələrə yol verilib. Onun sözlərinə görə, bu korrupsiya cinayətləri obyektiv araşdırılacaq.

Ombudsman Elmira Süleymanova isə jurnalistlərə deyib ki, Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar azdır. "Ukraynada 1400 nəfər yetkinlik yaşına catmayan məhbus var, onlardan 600-ü qızlardır. Bu, onu göstərir ki, Azərbaycanda yetkinlik yaşına catmayan məhkumlar olduqca azdır", - Süleymanova əlavə edib.

Ombudsman Prezidentin əfv sərəncamını yüksək qiymətləndirib.