“Fermerləri payızlıq əkinləri bəyan etmək prosesində aktiv olmağa çağırıram” - Nazir müavini + Fotolar

fermerleri-payizliq-ekinleri-beyan-etmek-prosesinde-aktiv-olmaga-cagiriram
Oxunma sayı: 1802

Şamaxıda Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Nazirlk Aparatının nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbər heyəti, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə əkinlərin bəyan edilməsi prosesi ilə bağlı maarifləndirici görüş keçirilib. 

Kənd Təsərrüfatı Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, 2020-ci ildən başlayaraq aqrar subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən veriləcək. Yeni subsidiya mexanizminin tətbiqi ilə əlaqədar fermerlər subsidiya almaq üçün EKTİS-də şəxsi kabinet yaratmalı, öz aqrar fəaliyyətlərinə dair məlumatları və müvafiq sənədləri sistemə daxil etməlidir. Bu ilin əvvəlindən etibarən EKTİS-də fermerlərin qeydiyyatı prosesinə start verilib, hazırda 350 mindən artıq fermer yeni sistemdə qeydiyyatdan keçib.

Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub:

“Hazırda dövlət tərəfindən kənd təsərrüfatına çox böyük dəstək tədbirləri həyata keçirilir. Yeni subsidiya mexanizminin tətbiqi dövlət dəstəyinin təmin olunnmasında operativliyi və şəffaflığı təmin etmiş olacaq. Bu il aqrar xidmətlərin elektronlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi layihəsinin tətbiqi istiqamətində mühüm irəliləyiş əldə olunub. Sistemdə qeydiyyatdan keçmiş fermerlər artıq öz əkinlərini bəyan etməyə başlayıblar. Fermerləri və onlara informasiya-məsləhət xidməti göstərən bütün qurumları payızlıq əkinlərin bəyan edilməsi prosesində daha aktiv olmağa çağırırıq. Kənd təsərrüfatı istehsalçılarının gələn il subsidiya alması üçün payızlıq əkinləri bəyan etməsi vacibdir”.

Nazir müavini qeyd edib ki, EKTİS sisteminin tətbiqi Azərbaycanda subsidiyaların verilməsində şəffaflığı tam təmin edəcək, aqrodataların toplanmasına, geniş təhlilinə imkan verəcək.

Görüşdə aqrar sektora dövlət dəstəyinin yeni mexanizmi, Aqrar Subsidiya Şurası tərəfindən müxtəlif məhsullar üzrə müəyyənləşmiş əmsallar, fermerlərə veriləcək subsidiyaların aqrar sahənin inkişafına göstərəcəyi müsbət təsir ətrafında fikir mübadiləsi aparılıb, EKTİS-in tətbiqi ilə əlaqədar yerli icra orqanlarının nümayəndələri və bələdiyyə təmsilçilərinin sualları cavablandırılıb.