Nərimanov rayon Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının Dubay filialının həbsdə olan sabiq müdiri Adil Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
“Qafqazinfo” xəbər verir ki, Adil Hüseynovun vəkili Kamandar Nəsibovun APA-ya verdiyi məlumata görə, həbs müddətinin iyun ayının 2-dək uzadılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılan şəxslərin həbs müddətinin uzadılmasına bir müddət əvvəl başlanılıb. Həmin iş üzrə saxlanılan şəxslərin bir neçəsinin həbs müddəti məhkəmənin qərarı ilə uzadılıb.
Azərbaycan Beynəlxalq Bankında baş vermiş maliyyə pozuntuları ilə bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və digər maddələrinə əsasən cinayət işi başlanılıb. Adil Hüseynov 318 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. O, Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmiş “Qara polkovnik” kimi tanınan Fətulla Hüseynovun oğludur.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər