FHN bölgələrdə seminar-müşavirələr keçirdi

fhn-bolgelerde-seminar-musavireler-kecirdi
Oxunma sayı: 1008

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti bir sıra bölgələrdə seminar-müşavirələr keçirib.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, regional seminar-müşavirələr dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə nazirliyin Muğan və Cənub Regional mərkəzlərində, Salyan, Neftçala, Ağcabədi, Qax və Balakən Rayon İcra hakimiyyətlərində, Cəlilabad rayon Heydər Əliyev Mərkəzində, Ağdam rayon Mədəniyyət Mərkəzində və Şamaxı şəhər Mədəniyyət evində "Dənli və texniki bitkilərin, eləcə də meşələrin yanğın təhlükəsizliyi" mövzusunda baş tutub.

Tədbirlərdə müvafiq regionlarda fəaliyyət göstərən rayon icra hakimiyyətlərinin və bələdiyyələrin, meşə mühafizəsi və bərpası müəssisələrinin, Polis şöbələrinin, “Aqroservis” ASC-lərin məsul şəxsləri, fermer təsərrüfatı sahibləri iştirak ediblər.

Seminar-müşavirələrdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin rayon ərazisində açıq sahələrdə mövcud olan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi istiqamətində aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb və yanğın təhlükəsizliyi ilə bağlı qaydalar izah olunub.

Tədbirlərdə mövzu ilə bağlı müzakirələr aparılıb, FHN əməkdaşları tərəfindən zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.