FHN-dən Bərdə qətliamı ilə bağlı açıqlama

FHN-dən Bərdə qətliamı ilə bağlı açıqlama
Oxunma sayı: 2922

Fövqəladə Hallar Nazirliyi işğalçı Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı məlumat yayıb. 

“Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir: “Ermənistan humanitar atəşkəs rejimini kobudcasına pozaraq mülki obyektləri ağır artilleriya və raketlərdən atəşə tutmaqda davam edir.Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

Bu gün Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində Bərdə şəhərində bir neçə mülki obyekt dağılıb, avtomobillər yararsız vəziyyətə düşüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib. Düşmən tərəfinin atəşləri nəticəsində, ilkin məlumata əsasən, 19 nəfər həlak olub və 60 nəfərə yaxın insan yaralanıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur”.